"Elə hal yarana bilər ki, şəhidin 6-7 bacı-qardaşı olsun. Bəs bu, necə tənzimlənəcək?"
“”SOS” uşaq evində böyüyən şəhidimiz Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova dövlətimiz tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmə təyin olunub. Təbii ki, bunu dövlətimizin həyata keçirdiyi humanizm siyasətinin içində zərrə hesab etmək olar. Bu məsələyə dəstək verənlərin hər birinə təşəkkür edirəm. Bilirsiniz ki, qanuna görə, şəhid statusu şəhidin valideynlərinə, həyat yoldaşına və övladına verilir. Bu, o qədər də asan məsələ deyil. Belə hallar olur və gözləniləndir. Şəhidin ata-anası yoxdur, subaydır, ailəsi yoxdur, bacı-qardaşı var, yaxud onlar da yoxdur. Məsələ bundan ibarətdir ki, qəhrəman şəhidimiz Səbuhinin 1 qardaşı var. Amma elə hal yarana bilər ki, şəhidin 6-7 bacı-qardaşı olsun. Azərbaycanda bu qədər ailə üzvünün olması təbii sayılır. Bəs bu, necə tənzimlənəcək? Qanunda necə öz əksini tapacaq?”
Bu sözləri Pravda.az-ın suallarına cavab olaraq Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, bütün bu məsələlər təhlil olunmalıdır:
“Hər hala görə qanunda dəyişiklik etmirlər. Bu məsələyə dövlətimiz hədsiz dərəcədə həssaslıqla yanaşır. Birinci Qarabağ müharibəsində də belə bir hal yaşanmışdı. Mən şəxsən bir neçəsini tanıyıram. Şəhidin ata-anası rəhmətə getmişdi, xanımı yox idi, amma ailədə 5 bacı-qardaş idilər. Təsəvvür edin, bu şəhidin statusu neçə nəfərə verilə bilər? Bu mənada məsələyə fərdi yanaşmaq lazımdır. Ümumi qayda, norma kimi yox, fərdi qaydada baxılmalıdır. Fərdi qaydada da şəhidimiz Səbuhi Əhmədovun qardaşına dövlətimiz öz qayğısını göstərir. Vətən Müharibəsində də bənzər halla qarşılaşmışdıq. Təmsil etdiyim Nəsimi rayonundan olan şəhidimiz Dmitri Solntsevin də ata-anası rəhmətə gedib, subay idi, tək bacısı var idi. Qanunda əksini tapmamasına baxmayaraq, dövlətimiz onun bacısına həssaslıqla yanaşdı, şəhid ailəsi imtiyazlarından yararlana bildi. Allah bir daha ölkəmizə şəhid göstərməsin. Qanuna tələsik dəyişiklik edilsə, sonra elə hal ortaya çıxa bilər ki… Son vaxtlar mətbuatdan oxuyuruq, məsələn, şəhid qanuni nikahı olan xanımından sonradan ayrılıb, uşaqları da var, başqa qadınla evlənib, nikah yoxdur, amma bu xanımdan da uşaqları var. Görürsünüz, nə qədər mürəkkəb situasiyalar meydana çıxır. Ona görə də hər hal üçün qanunda dəyişiklik etmirlər. Hesab edirəm, bu haqda müvafiq qurumlar çox ciddi düşünür. Əsas budur ki, Sənan Əhmədova dəstək göstərildi, dövlətin humanizmi ona da şamil olunur. Qanunda necə dəyişiklik ediləcəyi sadə məsələ deyil. Baş verə biləcək halların hər biri ekspertlər tərəfindən dəfələrlə təhlil edilməldir”.