“Ekofəallarımız öz haqlı tələblərini irəli sürürlər”
"Şuşa-Xankəndi yolunda bizim ekofəallarımız aksiya keçirirlər və öz haqlı tələblərini irəli sürürlər".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Millət vəkili qeyd edib ki, öz humanist hərəkətləri ilə gənclərimiz dünya gəncliyinə bir nümunə göstərirlər.
"Çox təəssüf ki, onların bu hərəkətləri bir terror aktı, vəhşilik, vandallıq kimi qiymətləndirilir. Dünyanın bir çox mətbuat orqanlarına çıxarılır. Əlbəttə belə olan halda gənclər öz səbrlərini yığa bilmirlər, onlar təmkinli ola bilmirlər. Çünki onlar gecə-gündüz oradadırlar. Onlar orada haqq-ədalət, erməni faşizminin törətdiyi haqsızlıq haqqında dünyaya bəyan edirlər, faktlar gətirirlər, əyani nümunələr göstərirlər, sülhməramlıların maşınları buraxırlar. Ancaq dünyaya səs yayır ki, orada azərbaycanlılar yolu kəsiblər və ermənilər fəlakət üzərindədir və tədbirlər görmək lazımdır. Belə olan halda bəzi gənclərin psixikası pozulur. Ona görə də, elə bilirəm ki, gənclik belə hadisələrə hazırlanmalıdır. Çox təəssüf edirəm ki, bizim gənclərimiz müəyyən hallarda yad təsirlərə uyurlar, xarici ölkələrdə bizim əleyhimizə kampaniya aparan müəyyən insanların sözlərinə uyurlar, mənfi fikirlər formalaşdırırlar. Azərbaycan gəncliyi sağlamdır, iradəlidir, qətiyyətlidir. Bizim hər birimiz gəncliyimizi qorumalıyıq, onun arxasında olmalıyıq və onlara lazımi sözlərimizi lazımi yerdə çatdırmalıyıq".