İqtisadiyyat 1 Dekabr 2023, 16:51 | Baxış sayı: 256
“Dəyişiklikləri müşahidə edə bilmirəm”

Azərbaycan Hava Yolları (AZAL) "qara cümə" kampaniyası çərçivəsində bilet qiymətlərinə endirim etdi. Amma bilet almaq istəyən bəzi vətəndaşların sosial şəbəkələrdə yazdıqlarından belə məlum oldu ki, endirimlər digər hava yolu şirkətlərinin endirimləri ilə müqayisədə cüzi miqdarda idi. Vətəndaşların sözlərinə görə limitli sayda bilet satışa çıxarıldı və kampaniya yalnız bir gün ərzində davam etdi, texniki nasazlıqlar səbəbilə endirimlərdən yararlana bilməyənlər də oldu. Məlum olduğu kimi quru sərhədlər üç ildir bağlı qaldığı üçün insanların AZAL-ın bahalı biletlərini alıb səfər etməkdən başqa çarələri yoxdur.

AZAL-ın qiymət siyasətinə açıqlamasında münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, şirkətin yeni rəhbərliyinin millət vəkilləri ilə görüşü, onlarla müvafiq məsələləri müzakirə etməsinin ciddi dəyişikliklərlə nəticələnəcəyi düşünülürdü:



“Amma hələ ki, tam olaraq dəyişiklik əlamətləri görmürük. Şəxsən mən millət vəkili olaraq hansısa dəyişikliklərin edildiyini müşahidə edə bilmirəm. Bilet qiymətlərindən tutmuş, sərnişindaşımadakı problemlərə qədər, ölkənin turizm potensialının inkişafına fayda verəcək dərəcədə işlərin görülməsi və biznes siyasətində digər irəliləyişlər, açığı, ciddi gözə çarpmır. Bu, düşündürücü məsələdir, çünki bu qurumdan hamı dəyişiklik və müsbət addımların atılmasını gözləyir. Vətəndaşlar indi ən ağır yol tarifləri ilə üz-üzədir, quru sərhədlər bağlıdır, ancaq hava nəqliyyatından istifadə imkanı var. Bu sahədə də rəqabət mühiti olmadığına görə bir inhisarçı ilə bu iş reallaşır. Qiymətlərsə vətəndaşların maraqlarına uyğun tənzimlənmir. Başqa ölkələrlə müqayisədə hədsiz bahadır, əlçatanlıq problemi də var. AZAL-dan problemlərin həlli istiqamətində addımların atılmasını gözləyirik. Bu, vətəndaşların sıxıntılarını da müəyyən qədər azaltmış olar”.

demokrat.az

Xəbərlər