Cəmiyyət 19 Sentyabr 2022, 11:38 | Baxış sayı: 213
"Düzünü deyim, Səbuhi Əhmədovdan rüşvət alacaq məmurun olmasına inanmıram"

“Sosial şəbəkələrdən şəhidimiz Səbuhi Əhmədovdan rüşvət alınması barədə oxudum. Hazırda heç bir fikir söyləmək olmaz. Ona görə ki, əlimizdə hansısa real, dəqiq, rəsmi məlumat və fakt yoxdur. Əsas budur ki, şəhidimizin qardaşının həmin fikirlərindən sonra təkzib verməsi dövlət orqanları tərəfindən araşdırılır. Məsələ necə olub, bu fikri niyə söyləyib? Bəs sonradan niyə təkzib edib? Əlbəttə, fikir yürütmək həm araşdırma aparan orqanların, həm də insanların çaşqınlığına səbəb ola bilər. Ona görə də zaman lazımdır ki, məsələ araşdırılsın, sonra dəqiq fikir söylənilsin”.

 

Bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov Pravda.az-a açıqlamasında deyib.

 

Deputat bildirib ki, dövlət şəhidlərə, onların ailələrinə, qazilərə çox böyük diqqət və qayğı göstərir: “Ölkə başçımızın nümunəsində bu insanlar Birinci vitse-prezident Mehriban Əliyevanın, YAŞAT Fondu vasitəsilə insanların qayğısı, şəfqəti ilə əhatələniblər. Hər kəsin onlara böyük hörmət, ehtiram göstərməsi təbiidir, bu, hər birimizin borcudur. Belə insanlardan rüşvət alınması, yaxud nəyinsə müqabilində nəsə güdülməsi vicdansızlıqdır. Belə bir məmurun olmasına, düzünü deyim, inanmıram. Amma yenə də fakt söylənilib. Təkzib videosu da var. Demək, araşdırılmalıdır. Bu və ya digər formada fakt varsa, bu məsələdə əli, günahı olan insanlar mütləq cəzalandırılmalıdır. Hansı tərəfdən olsa, dəxli yoxdur”.

Xəbərlər