"Düşünürəm ki, qardaş qardaşa cavabdeh deyil"
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun saxlanılması ciddi müzakirə yaradıb. Onun FETÖ ittihamı ilə saxlanıldığı bildirilir. Müzakirələr zamanı deyilir ki, Q.İbadoğlu ilə bağlı ittiham sübut edildiyi təqdirdə onun qardaşı, Milli Məclisin deputatı Vüqar Bayramov da istefa verməlidir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev açıqlamasında həmkarı ilə bağlı yanaşmalara münasibət bildirib.
Deputat deyib ki, Qubad İbadoğlunun saxlanılması barədə araşdırmalar gedir, Daxili İşlər Nazirliyi də rəsmi məlumat verib: “Gəlin bir az səbirli olaq, gözləyək. Düşünürəm ki, qardaş qardaşa cavabdeh deyil. Hörmətli Vüqar müəllimi çox savadlı iqtisadçı-ekspert, xarici dili yaxşı bilən, gözəl təhlilləri olan bir millət vəkili kimi tanımışam. Millət vəkili olmazdan da əvvəl onu tanıyırdım. Biz dəfələrlə diskussiyalara çıxırdıq. Televiziyalarda görüşlərdə olmuşuq. İnanmıram ki, belə bir məsələ qalxa bilər. Hər şey yoxlamalardan sonra təsdiqlənməlidir. Millət vəkilinin günahı yoxdursa, bütün bunlardan xəbərsizdirsə, onda nə cavabdehlik daşıya bilər?”
pravda.az