Siyasət 20 Sentyabr 2023, 18:19 | Baxış sayı: 206
"Düşmən mövqeyində duran müxalifət tarixi qələbəmizə sevinmədikləri kimi antiterror tədbirlərinə də biganə yanaşdılar"

"Azərbaycanın keçirdiyi lokal antiterror tədbirlərinə ölkədə fəaliyyət göstərən siyasi partiyaların dəstək bəyanatı vətəndaşlıq borcunun ifadəsi olmaqla bərabər, həm də real vəziyyətə obyektiv siyasi qiymətdir. Adları çəkilən partiyalar 44 günlük müharibə dövründə də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səfərbərlik, düşmən üzərində qələbə çağırışlarına, ordumuzun zəfər mübarizəsinə, xalqımızın birliyinə tərəfdar olduqlarını nümayiş etdirdilər və düşmən üzərində qazanılan tarixi qələbəni alqışladılar və təbliğ etdilər. Vətən, torpaq mənafeyinin, təhlükəsizliyinin təmin olunmasından söhbət gedərkən iqtidar - müxalifət münasibətləri aradan qaldırılmalı, məqsəd, amal bir olmalıdır. Siyasi partiyaların dəstək bəyanatında bu aydın bildirilir və qeyd edilir ki,  Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəkləyir, onun ətrafında sıx birləşməyimizi bəyan edirik. Xalqımızı vətən müharibəsində olduğu kimi, bu şərəfli işdə də həmrəyliyə, möhtərəm Prezidentimizi və Ali Baş Komandanımızı dəstəkləməyə çağırırıq".

 

 

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

 

 

Deputat bildirib ki, bu bəyanat əlbəttə əsl vətəndaşlıq mövqeyindən irəli gələn bir çağırışdır: "Çox təəssüflər olsun ki, 44 günlük müharibə zamanı, elə indi də AXC, Musavat və Real partiyaları bu çağırışlara biganə qaldılar, özlərinin anti - milli sifətlərini, xislətlərini bir daha göstərdilər. Onlar tarixi qələbəmizə sevinmədikləri kimi antiterror tədbirlərinə də biganə yanaşdılar, düşmənlərimizin mövqeyindən çıxış etdilər. Xarici havadarlarına arxalanan və xarici ölkələrdən, bizə düşmən qüvvələrindən dəstək alan və onlar tərəfindən maliyyələşdirilən bu partiyalarının mövqeyi xalqa xəyanətdir, vətənə, torpağa düşmənçilik, tarixi qələbələrimizə, naliyyətlərimizə kölgə salmaq, hörmətsizlikdir. Xalqımızın bu siyasi partiyalara münasibəti aydındır və elə bilirəm ki, bu münasibət bir daha aşkar şəkildə ortaya qoyulmalı, siyasi dönüklərdən haqq - hesab tələb edilməlidir".

pravda.az

Xəbərlər