Ümumi 23 Noyabr 2022, 16:50 | Baxış sayı: 1075
""Dovşan” sözünün “dofşan”a dəyişdirilməsi anlaşılan deyil"

Xəbər verdiyimiz kimi, AMEA-nın Dilçilik İnstitutunda ötən gün keçirilən müzakirələr zamanı “dovşan” sözünün “doşan”, “dofşan” kimi yazılması və səslənməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilib. İnsitutun müzakirəsinin özü ciddi müzakirəyə səbəb olub, qınaq obyektinə çevrilib. İctimaiyyət nümayəndələri daha ciddi problemlərin olduğu halda akademik səviyyədə belə bəsit müzakirələrin aparılmasını tənqid edirlər.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, bu gün hansısa sözün necə yazılması, yaxud tələffüz edilməsi barədə deyil, daha çox dilimizin xaricdəngəlmə sözlərdən, dilimizə xələl gətirən ifadələrdən təmizlənməsi istiqamətində addımlar atmalıyıq.

 

“Təəssüf ki, bu gün belə görüşlərin, müzakirələrin özü cəmiyyətdə daha çox müzakirələrə səbəb olur, insanlarımız tərəfindən birmənalı qarşılanmır. Belə məsələlərdə diqqətli olmağa çalışmaq lazımdır ki, sonradan cəmiyyətdə heç də yaxşı olmayan müzakirələrə yol açmasın. Bu məqamlar nəzərə alınmalıdır. Hamı da bilir ki, Azərbaycan dilində “dovşan” sözü həmişə “dovşan” kimi yazılıb. Bu gün bu sözün “dofşan”a dəyişdirilməsi anlaşılan deyil. Bu gün yaxşı olar ki, dilimizin saflığını, paklığını necə qoruya biləcəyimizlə bağlı müzakirələr aparaq. Yeni terminləri, ifadələri Azərbaycan dilində hansı qaydada işlənə bilər, bu barədə düşünməliyik. Yoxsa hansısa hərfin necə yazılması ilə bağlı müzakirələr cəmiyyətdə birmənalı qarşılanmır, ümumi məqsəd və mənafeyimizə xələl gətirir. Hər birimiz bu məqamlarda diqqətli və həssas olmalıyıq”, - deputat bildirib.

Xəbərlər