Cəmiyyət 29 İyul 2022, 14:42 | Baxış sayı: 229
"Dövlət sirri əhəmiyyəti daşıyan məlumatların yayılmasına görə ən ciddi məsuliyyət nəzərdə tutulmalıdır".

“Milli təhlükəsizliyə ən ciddi təhdid yaradan amillərdən biri də dövlət sirri xarakterli məlumatların yayılmasıdır. Hərbi-siyasi proseslər, əməliyyatlar haqqında, hərbi qüvvələrin dislokasiyası və ictimailəşdirilməsi məqbul olmayan digər informasiyaların yayılması milli və dövlət təhlükəsizliyinə çox ciddi təhdid yaradır. Düşmən məhz bu cür informasiyalardan yararlanaraq təxribatlarını və ya digər dövlətə, xalqa qarşı cinayət xarakterli əməllərini həyata keçirə bilər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Deputat ölkə Prezidenti İlham Əliyev tərəfindən 2014-cü ilin sentyabrında imzalanmış müvafiq sərəncamı xatırladıb: ““Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamın imzalanmasının mahiyyəti elə haqqında danışdığımız dövlət sirri təşkil edən məlumatların ictimailəşdirilməsinə görə nəzarət və məsuliyyətin gücləndirilməsindən ibarətdir. Dövlət münaqişə vəziyyətindədirsə və ya müharibədə iştirak edibsə, bu məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Azərbaycan və Ermənistan arasında bu gün yekun sülh sazişi imzalanmayıb. Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddialarından əl çəkəcəyi haqqında heç bir təminat verməyib. Bu baxımdan, Ermənistan tərəfindən düşmənçilik meyilləri, təxribatlar törətmək istəyi qalmaqdadır. Post-müharibə mərhələsində xüsusilə dövlət sirri əhəmiyyəti daşıyan məlumatların yayılmasına görə ən ciddi məsuliyyət nəzərdə tutulmalıdır. Ümumiyyətlə, belə hallara qarşı ictimai mübarizə olmalıdır. Təkcə dövlətin müvafiq strukturları tərəfindən deyil, cəmiyyətin hər bir üzvü, hər bir vətəndaş bu cür hallara qarşı mübarizə aparmalıdır. Belə hallar olduğu təqdirdə, mütləq şəkildə müvafiq dövlət orqanlarına xəbər verməlidirlər ki, düşmənin bu cür məlumatlardan istifadə etmə imkanlarının qarşısı preventiv olaraq alınsın”.

Xəbərlər