Cəmiyyət 18 May 2022, 17:48 | Baxış sayı: 195
"Dövlət əlindən gələni edir, sahibkarlar papaqlarını qoysunlar qabaqlarına, düşünsünlər".

“Tək dövlətin gücü ilə inflyasiya ilə mübarizə aparmaq bir o qədər faydalı olmayacaq. Daxildə istehsalı artırmalıyıq. Sahibkarlar yaxşı mənada aqressiv, işgüzar olsunlar, qorxmasınlar. Rayonlarımızda yaxşı təsərrüfat quran insanlar var. Gündəlik qida tələbatının müəyyən hissəsini öz torpağından çıxarır. 1993-95-ci illərdə ümummilli lider Heydər Əliyev nə üçün regionlarda torpaq islahatı keçirdi? Ona görə ki, insanlar bununla məşğul olmalıdır. Burada günahkar axtarmaq, hansısa qurum düz etmədi, dövlət məmuru düzgün addım atmadı demək lazım deyil. Konfutsi demişkən: “Qaranlıq otaqda boz pişiyi axtarmayın, bəlkə də orada yoxdur”. Pandemiyada kimsə səsini çıxara bilirdi? Bəşəriyyət onun qarşısında aciz oldu. Dövlət əlindən gələni edir. Sahibkarlar papaqlarını qoysunlar qabaqlarına, düşünsünlər. Bu, daha çox regionda yaşayanlara aiddir. Hamı çalışır ki, özünə yüngül iş tapsın. Biri mən özüm. Amma mən bu zehinli işdə çalışıramsa, 50 illik həyatımın nəticəsidir. Mən əziyyət çəkib oxumuşam, elmlər doktoru səviyyəsinə qalxmışam. Uzun illər əvvəl sahibkarlıqla məşğul olmuşam”.

Bu sözləri Pravda.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bahalaşma ilə bağlı danışarkən deyib.

O bildirib ki, dünyada qəbul olunmuş 2 milyondan çox mal nomenklaturası var: “Heç olmasa bunun 1 milyondan çoxunu ölkə özü istehsal etsin. Belə bir ölkə çox çətin tapıla. İqtisadiyyatda tarazlığı gözləmək şərtdir. Əks halda ölkələr böyük problem yaşayırlar. Biz cəmiyyətin 50-55%-ni istehsal olunan daxili mallarla təmin edirik. Amma xüsusən qida məhsulları ölkəmizə  xaricdən gəlir. Xaricdə isə bütün qiymətlər artıb. Təxminən 2 dollara olan məhsulun kiloqramı hazırda 3,5 dollardır. Təbii ki, Azərbaycana da gələndə bu malın qiyməti artacaq. Azərbaycan dövləti inflyasiyanın qabağını almaq üçün maksimum çalışmalıdır. Dövlət qurumlarının rəhbərləri çıxışlarında deyirlər ki, biz kontraçiklik  iqtisadi siyasət aparırıq. Bəli, bunun müsbət tərəfi var, inflyasiyanın qarşısı alınır. Lakin tam alınmır. Qərbdə və ya Asiya ölkələrində qiymətlər artan kimi bizə də təsir edir. Ərzaq mallarının bolluğu yaranmalıdır. Əkilib-becərilməli, bazara çıxarılmalıdır. Bu gün başqa alternativ yol yoxdur. Kənd təsərrüfatının faizləri bizi qane etmir. Bizə lazımdır ki, bu faizlər ikiqat artsın, kənd təsərrüfatının inkişafı sürətlənsin. Bank kreditlərinin də faizi aşağı düşməlidir. 17-19% ağlabatan deyil. Deputatların hamısı son vaxtlar bu məsələni qaldırırlar. Heç olmasa 9% olsun ki, sahibkarlıq inkişaf etsin”.

 

R.Quliyev qeyd edib ki, bazar iqtisadiyyatının əsas problemi inflyasiya və işsizlikdir: “Bu iki problemlə bazar iqtisadiyyatı sona qədər mübarizə apara bilmir. İqtisadiyyatın mexanizmi qeyri-planlı şəkildə inkişafdır. Bahalaşmanın kökündə də bu dayanır. Avropa ölkələrində artıq inflyasiya 7,5%-i keçib. Son 3 ayda bu proses daha da güclənib. Hətta İtaliya, İspaniya, Yunanıstanda bu rəqəm 8,5%-i ötüb. Bu, Avropa üçün ağlabatan inflyasiya faizi deyil. Çünki Avropada maksimum 0,5%-1,5% inflyasiya normal sayılırdı. Bundan çox olanda siyasi çəkişmələr başlayır, Nazirlər Kabineti istefaya gedirdi. ABŞ-da isə illik inflyasiya 8,4%-dir. Burada isə maksimum 1,5-2% idarəolunan inflyasiya idi. Bundan yuxarı olduqda ölkədə gərginlik yaranırdı”.

 

Deputatın sözlərinə görə, inflyasının artma səbəblərindən biri pandemiya, ikinci böyük problem isə Ukraynada davam edən müharibədir: “Üç-dörd il əvvəl başlayan inflyasiya siyasəti bu günədək gəlib çıxdı. İndi də fəsadlarını göstərir. Ukraynanın 50%-dən çox iqtisadiyyatı, o cümlədən kənd təsərrüfatı artıq işləmir. Təsəvvür edin, Rusiya-Ukrayna dünyanın 30% buğda ehtiyatını təmin edir. Bu, balaca rəqəm deyil. Yaranan qaçqın problemi də iqtisadiyyata yeni bir yükdür. Rusiyaya qarşı tətbiq edilən sanksiylar da qiymətlərin artmasına gətirib çıxardı. Neftin, qazın qiyməti sürətlə artdı. Qərb ölkələri də buna tez zamanda adaptasiya ola bilmirlər”.

Xəbərlər