Plenar iclaslar 29 Oktyabr 2021, 17:17 | Baxış sayı: 227
"Dövlət büdcəsindən sığortası qarşılanan şəxslərin müalicələri bundan sonra da pulsuz olaraq davam edəcək".

“Pensiyaçılar, əlillər, hamilə qadınlar və digər həssas qruplara daxil olan insanlarla bağlı Prezident İlham Əliyevin sərəncamı var”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, bu xidmətlər pullu olandan sonra bu insanlar yenə də bu xidmətlərdən pulsuz istifadə etməlidir: “Ancaq bu, qanunda bu nəzərdə tutulmayıb. Bu suala cavabı Əhliman müəllimdə varsa, versin. Olmasa, TƏBİB bu suala aydınlıq gətirsin”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, əlillər, tələbələr, pensiyaçılar, hamilə qadınların gələcəkdə hansısa vəsait ödəməsi nəzərdə tutulmur: “Bu gün bunlar dövlət qayğısı ilə əhatə olunub. Musa müəllim sizin suala cavabı birbaşa TƏBİB sədrindən almışam”.

Komitə sədri Prezidentin sərəncamı ilə icbari tibbi sığorta xidmətlərindən pulsuz yararlanan şəxslərin (pensiya alanlar, şəhid ailələri, hamilələr, uşaqlar, tələbələr və s.) Xidmətlər zərfinə aid olan 1500 pullu xidmətdən istifadə qaydalarına da aydınlıq gətirib: "Bu məsələ aidiyyəti qurumlarla müzakirə olunub. Əminliklə bildirilib ki, dövlət büdcəsindən sığortası qarşılanan şəxslərin müalicələri bundan sonra da pulsuz olaraq davam edəcək".

“Bu yaxınlarda Səhiyyə Nazirliyi, İTSDA və TƏBİB-in iştirakı ilə icbari tibbi sığortanın tətbiqinə dair dinləmə keçirəcəyik”.

Deputat bildirib ki, bu dinləmədə bir çox suallara aydınlıq gətiriləcək: “Bu gün həssas qrupların bəziləri üçün dövlət proqramları tətbiq edilir. 16-ya yaxın dövlət proqramı var və gələcəkdə bu proqramların da icbari tibbi sığorta ilə bağlı xidmətlər zərfinə daxil edilməsini düşünürük. Ancaq kosmetoloji xidmətlər, stomotoloji xidmətlərin bir hissəsi heç vaxt xidmətlər zərfinə daxil edilməyəcək. Növbəti il üçün xidmətlər zərfinə daxil olan xidmətlərin 3700-ə qaldırılması proqnozlaşdırılır”.

Əhliman Əmiraslanov qeyd edib ki, zərfə daxil olan xidmətlərin konkret qiymətləri barədə məlumatı İTSDA-nın saytından almaq olar: "Bu qiymətlər açıqdır. Qanun layihəsindəki xidmətlərin qiymətlərini icra hakimiyyəti orqanları müəyyənləşdirəcək və tibb müəsisələrinə göndərəcək".

Xəbərlər