“Dənizə insanların girişinin qadağan edilməsi qəbulolunmazdır”
“Dəniz xalqa məxsusdur. Hər bir Azərbaycan vətəndaşının qanunvericiliyə uyğun dənizdən istifadə etmək hüququ var. Dənizin ətrafının hasarlanması, insanların girişinin qadağan edilməsi qəbulolunmazdır”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat bildirib ki, Xəzər dənizi ətrafında bəzi özəl çimərliklər də var: “Orada insanlara müəyyən xidmət göstərilir. Ələlxüsus da anti-sanitariya hallarının qarşısının alınması, təmizliyin gözlənilməsi. Belə çimərliklərdə müəyyən xidmətlərin qarşılığında vətəndaşlardan ödənişlər tələb olunur. Lakin bu da qanun çərçivəsində olmalıdır. Xidmət haqları insanların tələbatına, istəyinə müvafiq nizamlanmalıdır. Açıq çimərliklər də fəaliyyət göstərir. Sözsüz ki, insanlar oradan istifadə edə bilərlər. Ancaq xatırlatmaq lazımdır ki, bir çox hallarda bu çimərliklərdən də düzgün istifadə olunmur. Çünki həmin ərazilərdə lazımi qayda-qanun, təmizlik gözlənilmir. Bu da haqlı narazılıqlara səbəb olur. Bununla bağlı həm iş adamları, həm də vətəndaşlar özləri ciddi düşünməlidirlər. Çimərliklərdə xidmət haqlarının bahalaşmasının tərəfdarı deyiləm. Hər bir məsələ tələb-təklif əsasında təmin olunmalıdır”.
pravda.az