“Dələduzlar öz “biznes”lərini reklam edirlər”
Sosial şəbəkələrdə aparılan qanunsuz mərc oyunu "Mostbet” və digərlərinin reklamları, təbliğ edilməsi, vətəndaşların pullarının mənimsənilməsi barədə çoxsaylı şikayətlər gəlməyə davam edir.
Milli Məclisin deputatı Arzu Nağıyev açıqlamasında problemə münasibət bildirib:
“Son vaxtlar sosial şəbəkələrdə bir sıra qanunsuz mərc oyunlarının reklamı gedir. Təəssüf doğuran məqam odur ki, buna aldanan vətəndaşlarımız var. Hüquq-mühafizə orqanları bu prosesləri ciddi izləyir və müvafiq tədbirlər görüləcək. Vətəndaşlarımıza səslənərək deyirəm ki, ehtiyatlı olsunlar. Asan yollarla qazanc əldə etmək məsələsində diqqətli olmaq lazımdır, sonu bilinməyən yollara baş vurmaq təhlükəlidir. Dələduzlar tik-tok və instaqram səhifələrində öz “biznes”lərini reklam edirlər, bu işdə sosial şəbəkə məşhurları da iştirak edir. Düşünürəm ki, hüquq-mühafizə orqanları bu istiqamətdə öz addımlarını davam etdirəcək”.
Xatırladaq ki, bir neçə gün öncə tanınmış aktrisa Pərvin Abıyeva sosial şəbəkədə qanunsuz mərc oyunları ilə bağlı gedən müzakirələrdə bildirib ki, mərc oyunlarında bəxtini sınayır, amma "Mostbet” adlı provayder onun udduğu 5 min manatı ödəmir. Bu, "qara bazar”ın təmsilçisi "Mostbet” adlı provayderin külli miqdarda uduşları ödəmədiyi ilə bağlı səslənən ilk fakt deyil. Bir müddət əvvəl Ayaz İkramoğlu adlı vətəndaş da mediaya açıqlamasında deyib ki, "Mostbet”dən udduğu 156 min manatı ala bilməyib. Çox maraqlıdır ki, bu şirkəti Azərbaycanda bir çox tanınmış simalar reklam edir.
demokrat.az