Plenar iclaslar, Qanun Layihələri 1 Fevral 2022, 16:19 | Baxış sayı: 254
Dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.

Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Dini etiqad azadlığı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.

Layihəyə əsasən, ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydası hazırlanacaq. İanə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

 

Azərbaycanda həmçinin, dini icması yaradılmamış dini ibadət yerlərinə və ziyarətgahlara din xadimləri təyin edilməyəcək.

Qüvvədə olan qanuna əsasən, dini icması yaradılmamış dini ibadət yerlərinə və ziyarətgahlara dini mərkəz (idarə) tərəfindən bu qanunla müəyyən olunmuş qaydada din xadimləri təyin edilə bilərdi. Layihəyə əsasən, qayda ləğv edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təyin olunacaq.

Xəbərlər