Siyasət 2 İyul 2023, 0:48 | Baxış sayı: 129
"Dialoqun intensivləşməsi sülhə ümidləri artırsa da, Ermənistanın davranışları gərginliyi azaltmır"

"Dialoqun intensivləşməsi sülhə ümidləri artırsa da, Ermənistanın davranışları gərginliyi azaltmır".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda növbəti dəfə bir araya gəldiyi vaxtda Ermənistan yenə təxribat törədib: "Bu təxribat açıq-aşkar sülhü pozmaq, Vaşinqtonda aparılan danışıqların gündəliyini əsas məqsəddən yayındırmaq cəhdidir. Məlumdur ki, Vaşinqton danışıqlarında Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin əsas istiqamətləri, habelə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu kontekstdə Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyi bir daha diqqətə çatdırılıb. Erməni təxribatları bir daha onu göstərir ki, qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazilərindən hələ də çıxmaması, hərbi-siyasi təxribatları davam etdirməsi birbaşa sülh səylərinə xələl gətirir".

Milli Məclisin üzvü xatırladıb ki, Ermənistan ötən gün eyni zamanda Azərbaycanın Sədərək, Kəlbəcər və Şuşa istiqamətində mövqelərini atəşə tutub: "Bu təxribatların intensivliyi təsadüfi deyil və Azərbaycan Silahlı Qüvvələrinin qarşı tərəfin hərbi hərəkətləri ilə bağlı cavab tədbirləri görməsi təbiidir. Prezident İlham Əliyev də bəyan edib ki, bizə qarşı edilən hər bir təxribata layiqli cavab verilir, istər hərbi, istər siyasi cavab. Ermənilərin budəfəki təxribatı da “Qisas” əməliyyatı ilə layiqli cavabını aldı. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdam istiqamətində törətdiyi təxribata cavab olaraq, erməni terrorçular məhv edildi. Bundan əvvəl Sarıbaba, Fərrux əməliyyatları zamanı da Azərbaycan Ordusu erməni terrorçulara öz yerini göstərmişdi. Hazırda qarşı tərəfin yeni təxribatlara hazırlaşdığını sezmək olur. Təbii ki, yeni təxribatlar davam edəcəyi təqdirdə bunun da cavabı daha ağır olacaq. Görünən budur ki, regionda sabitliyi pozan əsas faktor Ermənistan silahlı qüvvələridir. Ermənistanın siyasi rəhbərliyi isə beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldur. Nikol Paşinyan dünya ictimaiyyətini Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün əməli addımlar atmağa çağırmaqla diqqəti ölkəsinin yaratdığı gərginlikdən yayındırmağa çalışır. Qarabağ ermənilərinin reinteqrasiyası Azərbaycanın daxili məsələsidir. Bütün platformalarda olduğu kimi, Vaşinqton danışıqlarında da bu məsələ ilə bağlı rəsmi Bakı öz prinsipial mövqeyini bəyan edib".

K.Nurullayeva bildirib ki, iyunun 27-də nazirlərin görüşünün dörd saat davam etməsi təsadüfi deyil: "Danışıqlar bu gün də davam edir və Azərbaycanla Ermənistan arasında sülh sazişi müzakirə olunur. Yəni bu gün masada əsas müzakirə mövzusu yekun sülh sazişinin imzalanmasıdır. Azərbaycanın irəli sürdüyü şərtlər tam şəkildə beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Bu, birbaşa bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasına yönəlib. Əslində, tərəflər arasında dialoqu koordinasiya edən tərəflər də Ermənistanı sülhə məcbur etməlidir. Ermənistanın hər dəfə pozucu yanaşmasına göz yumulması təxribatların davam etməsinə rəvac verir. Sülh danışıqlarının real nəticə verməsi üçün danışıqları koordinasiya edən tərəflər də səy göstərməlidirlər. Məsələ yalnız tərəfləri bir araya gətirmək olmamalı, nəticəyönümlü dialoqun təşkilinə nail olunmalıdır".

Xəbərlər