Plenar iclaslar 22 İyun 2021, 16:09 | Baxış sayı: 255
Deputatlar əlilliyin müəyyən edilməsi məsələsini müzakirə ediblər.

"Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən yeni dəyişiklikdə niyə 4-5 ay yox, 7-9 ay yox, 6 ay müddət nəzərdə tutulur? Bu haqda fikirləşmək lazımdır".

Bunu bu gün Milli Məclisin növbədənkənar sessiyada deputat İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.
Deputat bildirib ki, Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr qərarında əlilliklə bağlı meyarlar 250-dən 150-yə endirilmişdisə, yeni qərarla bu meyarların sayı 800-dən çox olacaq: "6 aydan çox olanda nə olacaq? Yenə də bürokratik əngəllərə yol açılacaq. 6 ay tələbini aradan götürmək çox vacibdir. Əlil şəxslərin tək gəlir yeri həmin müavinətlərdir. Yəni, bu şəxslər 6 ay qədər gözləməz. Amma bürokratik əngəllər bu müddəti uzadır.

İkinci ciddi məsələ kimi aralıq müddət yaranır. Nazir Kabineti 2015-ci il qərarını ləğv edəcək. Amma aralıq müddətdə yaranacaq problemlərin aradan qaldırılması üçün yeni qərarın qəbul edilməsi çox vacibdir. Çünki aralıq müddətdə Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli qərarı işləsə, çox böyük narazılıqlar yaranacaq".

Razi Nurullayev isə qazilərə əlillik dərəcəsinin verilməsi barədə danışıb: “44 günlük döyüşlərdə təxminən 11 min nəfər yaralanıb. Onlardan təxminən 4500-5000 nəfərinə əlillik dərəcəsi veriləcək. 6 min əlillik dərəcəsi düşməyən yaralanmış şəxs qalır. Onların da tam əksəriyyəti gənclərdi. Bu gənclərin çoxu hələ peşəsini, gələcək həyatını müəyyənləşdirməyib”.

O təklif edib ki, yaralanmış, əlillik dərəcəsi düşməyən müharibə iştirakçılarının hər birinə dəstək kimi 5 il müddətində ayda 500 manat pul verilsin: “Bu 5 il ərzində də onlar özlərinə bir peşə, iş-güc, güzəran qurarlar”.

Fəzail Ağamalı bu təklifin real olmadığını deyib. "Onlar daha çox peşə təhsilinə cəlb edilə bilər".

Musa Quliyev isə, yaralanan qazilərə 500 manat müavinət verilməsi təklifinin qanunvericiliyə zidd olduğunu deyib.

Müharibədə iştirak edən, əlillik verilməyən insanların məşğulluğu təmin edilməlidir: “Təklif humanist ola bilər, amma həyata keçirilməsi mümkün deyil. Həmin qazilər sağalıb, deməli, işləyə bilərlər. Bunun üçün “Məşğulluq marafonu” həyata keçirilir. İlin sonuna kimi biz bu insanların məşğulluğunun təmin edilməsinə çalışacağıq”.

 

Xəbərlər