Siyasət 13 Aprel 2023, 14:54 | Baxış sayı: 178
"Deputat olmaq kimi hədəfim yox idi, belə məsləhət oldu..."

“Deputatlar arasında gecə-gündüz işləyən, işini məsuliyyətlə yerinə yetirənlər də var. Fərqli olanlar da var. Çalışmalıyıq diqqətli olaq, deputat xalqın təmsilçisidir. Deputatın imicinin zədələnməsi dövlətçilik baxımından yaxşı hal deyil”.

Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Metbuat.az-a müsahibəsində deyib. Həmin müsahibəni təqdim edirik:

Ceyhun müəllim, necə oldu ki, sırf İlahiyyat üzrə akademik karyera qurdunuz. Bu dindar bir ailədə böyüdüyünüz üçün idi, ya öz seçiminiz oldu?

Dindar ailədə böyüməmişəm, ailəmiz dindar ailə olmayıb ümumiyyətlə. Atam uzun müddət “Kommunist Partiyası”na xidmət edib. Partiya xətti ilə bir sıra yüksək vəzifələrdə işləyib.

Uşaq vaxtı arzum şərqşünas və ya tarixçi olmaq idi. O vaxt BDU-da oxumağı planlaşdırırdım. Lakin gedib xaricdə oxumaq fürsəti yarandı, burada valideynlərimin də təşəbbüsü oldu. Özüm də fikirləşdim ki, hər halda gedib bir ərəb ölkəsində oxumaq, ərəb dilini öyrənmək, ilahiyyat öyrənmək yaxşı nəticə verə bilər. Ona görə də, valideynlərimin təşəbbüsünü dəstəklədim və bu sahədə təhsilimi davam etdirdim. İki istiqamətdə təhsil aldım, mənim sahəm həm ərəb dilidir, həm də ilahiyyat elmləridir.

Təhsil sahəsindən siyasətə keçmisiniz. Belə bir hədəf var idi, ya həyatın gedişatı belə gətirdi?

Siyasətə keçmək kimi əvvəldən bir planım, hədəfim olmayıb. Mən özümü hər zaman təhsildə görmüşəm. Hər zaman müəllim olmağı arzulamışam və bu gün də müəllimlik fəaliyyətimi davam etdirirəm.

Eyni zamanda uzun müddət dövlət qulluğunda işləmişəm, Dini Qurumlarla İş üzrə dövlət komitəsində, sonrakı dövrdə Prezident Adminstrasiyasında çalışmışam. Oradan da Prezident İlham Əliyev məni Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin etdi.

Düşünürəm ki, hər bir dövlət məmuru həm də bir əsgərdir. Zamanla belə bir təklif edildi ki, Parlamentdə deputat olum. Buna etiraz etmək şansım yox idi, bu həm də böyük etimad və diqqət idi. 80 min insanı təmsil etmək ağır məsuliyyətdir. Belə məsləhət oldu, mən də bu istiqamətdə fəaliyyətimi davam etdirdim.

Sizin üçün deputat olmağın çətinlikləri nələrdir?

Deputat olmağın çətinlikləri həddindən artıq çoxdur. Bu bir mənalıdır. Bu gün bizim nə gecəmiz, nə gündüzümüz var. Saat 1-də də hansısa seçici zəng edə bilər. Sən onu dinləməli və problemini həll etməyə çalışmalısan. Xahişlər, vətəndaş müraciətləri həddindən artıq çoxdur. Maddi yardım istəyənlər, iş yeri ilə bağlı müraciət edənlər çoxdur. Bəzən hansısa problem obyektiv səbəblərdən həll edə bilməyəndə, insanların bunu anlayışla qarşılamadığı hallar olur. Bəzən insanların səni tanımadan, bilmədən haqqında əsassız fikir və ifadələr söylədiyinin şahidi olursan. Bəzən nə normal yemək yeyə bilirsən, nə normal istirahət edə bilirsən. Yenə də Vətənə xidmətdən usanmırsan. Hər şey daha yaxşı olacaq deyərək şərəfli yola davam edirsən.

Sizcə, deputatlar cəmiyyətdə niyə mənfi obraz kimi formalaşıblar?

Burada bir çox amillər rol oynayır. Təəssüf ki, bəzən bizim həmkarlarımızın da yol verdiyi səhvlər, bir sıra hallarda insanlarla düzgün ünsiyyət qurmamaları buna təsir edir. Eyni zamanda hesab edirəm ki, məqsədli şəkildə həm xaricdən, həm ölkə daxilindən deputatların nüfuzuna xələl gətirilməsi cəhdləri var. Burada əsas hədəf və məqsəd də dövlətə, dövlət qurumlarına inam və etibarı zəiflətməkdir. Bu çox ciddi və yolverilməz məsələdir.

Biz bu gün bütün deputatlar haqqında eyni şeyi deyə bilmərik. Onların arasında gecə-gündüz işləyən, işini məsuliyyətlə yerinə yetirənlər də var. Fərqli olanlar da var. Çalışmalıyıq diqqətli olaq, deputat xalqın təmsilçisidir. Deputatın imicinin zədələnməsi dövlətçilik baxımından yaxşı hal deyil.

 

Ölkəmizdə təhsillə bağlı daim müzakirələr gedir. Sizcə bu problemlər niyə həllini tapmır, hansı maneələr mövcuddur?

Təhsil elə sahədir ki, problemlər həmişə olur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təhsilə xüsusi qayğısı var. Burada heç bir maneə yoxdur. Dövlət üzərinə düşəni edir. Təhsilə yüksək diqqət və qayğı göstərir.

Hesab edirəm ki, burada Elm və Təhsil Nazirliyinin də üzərinə çox böyük vəzifələr düşür. Onlar çalışmalıdırlar bu problemlərin həlli istiqamətində ciddi addımlar atsınlar.

Universitetdə müəllim olaraq fəaliyyətiniz davam edir. Sizcə, bu günün tələbələri 2000-ci illərin tələbələrindən nə ilə fərqlənir?

Bu günki tələbələrin zəka səviyyəsi daha yüksəkdir, daha tez qavraya bilirlər. Onlar daha aktivdirlər. Sadəcə biz onlarla daha çox işləməli, daha çox səy göstərməliyik. Bu baxımdan məktəb və universitetlərin üzərinə böyük iş düşür. Onlar tələbələrin şəxsiyyət kimi formalaşmasına ciddi töhfələr verməlidirlər. Bir sıra hallarda bəzi ali təhsil müəssisələrimizin yarıtmaz fəaliyyəti nəticəsində tələbələr motivasiya yox, dissmotivasiya olurlar. Bu cür məsələlərə çox həssas yanaşmalıyıq.

Gələcəkdə parlamentdə təhsillə bağlı hansısa təklifləriniz olacaq?

Bu günə kimi bir sıra təşəbbüslərlə çıxış etmişəm. Parlamentdə təhsillə bağlı davamlı olaraq təkliflərim olur. Əsas məsələ təhsilin keyfiyyətinin və məzmunun daha da artırılmasıdır. Hələ də Azərbaycanda təhsilin keyfiyyətində və məzmununda ciddi problemlər var. Təhsil müəssisələri işlərini yalnız təhsil verməklə bitmiş hesab etməməlidirlər. Təhsil müəssisələri şəxsiyyətin formalaşdırılmasında fəal iştirak etməlidirlər. Eyni zamanda hesab edirəm bölgələrdə yeni təhsil müəssisələrinin yaradılmasına ciddi ehtiyac var. Digər məsələ həm daxili, həm də xarici nəqliyyatda tələbələrə güzəştlərin edilməsidir.

Ölkədə kitab sektoru ilə bağlı da problemlər var. Bir çox ixtisaslar üzrə dilimizdə kitab yoxdur, mağazalarda kitablar bahadır və s. Bu barədə nə düşünürsünüz?

Kitablarla bağlı məsələdə problemlər çoxdur və hesab edirəm ki, bu sahədə ciddi addımlar atılmalıdır. İxtisaslar üzrə dilimizdə kitabların olmaması məsələnin ən ürək ağrıdan tərəflərindən biridir. Bu problemlərin həlli üçün ardıcıl işlər həyata keçirməliyik. Kitab çapına dövlətin dəstəyi olmalıdır. Bildiyiniz kimi, mətbəələr 18% vergidən azad olunub. Universitet və dövlət qurumları da bu məsələdə diqqətli olmalıdırlar, ehtiyac varsa, əlavə vəsait ayırmalıdırlar ki, bu məsələlər həll olunsun.

Universitetlərin verdiyi təhsil bir müəllim kimi sizi qane edir? Hansı çatışmazlıqlar var?

Universitetlərin verdiyi təhsil məni tam qane etmir. Təhsilin keyfiyyəti ilə bağlı bizim ciddi problemlərimiz var. Bu problemləri həll etməliyik. Hələ də elektron təhsil sistemin tam qura bilməmişik, Dərsliklərdə ciddi problemlər var. Təəssüf ki, əksər universitetlərimiz işlərini tələbələrə yalnız diplom verməklə bitmiş hesab edirlər.

Orta məktəblərdə də problemlər var. Direktor seçimlərində kadr məsələlərində ciddi boşluqlar var. Müəllim-şagird-valideyn münasibətlərində ciddi problemlər var. Bunların həllində gecikirik. Problemlər illər keçdikcə həll olunmaq əvəzinə daha da artır. Təhsildəki problemləri ən qısa vaxtda həll etməliyik. Sonra çox gec olacaq.

 

İlahiyyatçı Hacı Şahinin ölümündən sonra müxtəlif müzakirələr getdi. Bir çox insan onun dəfninə minlərlə insanın yığılmasını normal qarşılamadı. Bəs sizcə ölkəmizdə niyə hansısa elm adamı, ədəbiyyatçı və ya başqa bir ziyalı ətrafına böyük kütlələri cəlb edə bilmir?

Hələ illər öncə Qərbdə belə yanaşmalar var idi ki, bəşəriyyət inkişaf etdikcə dinin cəmiyyətdə yeri və rolu zəifləyəcək. Ancaq zaman göstərdi ki, elə deyil. Baxın Sovet hökuməti 70 il dini insanların həyatından çıxarmağa çalışdı ancaq bunu həyata keçirə bilmədi. Azərbaycan müstəqilliyini qazanan kimi, insanların yenidən dinə kütləvi meyli başladı.

Proseslərin təhlili göstərir ki, biz daha çox dini proseslərin düzgün idarə olunması barədə düşünməliyik. Cəmiyyətdə geniş maarifləndirmə və təbliğat işləri aparmalıyıq. Allah Hacı Şahinə rəhmət etsin. Bu qədər insanın ora toplaşmasının sirri həm də onda idi ki, o çox təvazökar və kommunikasiyaya açıq idi. Onu daima şəhidlərin anım mərasimilərində görmək mümkün idi. İnsanları ora aparan həm də onun qazandığı sevgi idi.

Eyni zamanda hesab edirəm ki, bu məsələ ən birinci günah elə ziyalılarda, elm adamlarında, ədəbiyyat adamlarındadır. Çünki onlar hər zaman fəal deyillər, çox passivdilər. Buna görə də, ətraflarına böyük kütlələri toplaya bilmirlər. İnsanların arasında daha çox olmağa çalışmaq lazımdır.

Ədəbiyyat demişkən, müasir yazarlarımızı oxuyursunuz? Ədəbi prosesi izləyirsiniz mi?

Zamanın imkan verdiyi qədər müasir yazıçıları oxumağa çalışıram. Hər gün oxuya bilməsəm də, ümumi prosesi izləyirəm. Onların da içərisində daima üzərində işləyən, yeni fikir və təşəbbüslərlə çıxış edənlər var.

Hesab edirəm bu prosesdə gənclər də çox fəal olmalıdırlar. Qarabağda əldə etdiyimiz zəfəri tərənnüm edən yeni şeir, əsər və filmlərə ciddi ehtiyac var. Eyni zamanda ədəbi proseslərlə bağlı yeni təşəbbüs və yanaşmalara ehtiyacın olduğunu düşünürəm. Qalmaqalları, umu-küsünü kənara qoyub, yeni yaradıcılıq ideya və təşəbbüsləri barədə ciddi düşünməliyik. Hazırkı dönəmdə bu çox önəmlidir.

Tez-tez sosial şəbəkə hesabınızda tövsiyyələrinizi paylaşırsınız. Son olaraq buradan gənclərə hansı tövsiyyələrinizi vermək istərdiniz?

Gənclərə tövsiyə edirəm ki, daha çox oxusunlar, bilik qazansınlar və öz üzərlərində işləsinlər, özlərini davamlı olaraq inkişaf etdirsinlər. Bu günün gəncləri gələcəyin idarəçiləri və liderləridir. Onlar müxtəlif sahələrdə çalışaraq dövlətimizin inkişafına mühüm töhfə verəcəklər. O baxımdan gənclərimizin üzərinə daha çox vəzifə düşür.

Nəzərə almalıyıq ki, Ermənistan tərəfi də bu ölkə gənclərinin inkişafı üçün davamlı tədbirlər həyata keçirir. Elə etməliyik ki, bu prosesdə uduzmayaq. Ona görə gənclər daima üzərlərində işləməli, dünyagörüşlərini zənginləşdirməli, intellektual səviyyələrini yüksəltməlidirlər. Həyatda uğurun yolu gərgin əmək və zəhmətdən, çoxlu çalışmaqdan keçir. Bu yolda gənclərimizə yeni uğurlar arzulayıram.

Xəbərlər