Deputat “Media azadlığı, ictimai etibar və vətəndaşların bilmək hüququ” məruzəsinin müzakirəsi zamanı fikirlərini bildirib.
"Azərbaycanın iki media təmsilçisi - Məhərrəm İbrahimov və Sirac Abışov işğaldan azad edilmiş Kəlbəcər rayonu haqqında məlumat toplamaq və reportaj hazırlamaq hüquqlarından istifadə edərkən mina partlayışının qurbanı oldular. Partlayış anının videogörüntüləri beynəlxalq təşkilatlar da daxil olmaqla, hər kəsə ermənilər tərəfindən ərazilərimizdə törədilən mina terrorunun dəhşətinin şahidi olmaq imkanı yaratdı". Deputat Şəhid jurnalistlərlə bağlı məsələyə əvvəlki çıxışlarda toxunsa da, bu dəfə də xatırlatmağa özünə borc bildiyini deyib. "Çünki bu, yalnız azərbaycanlılar üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün çox vacibdir. Qarabağdan reportaj hazırlayan beynəlxalq media nümayəndələri, jurnalistlər bizimlə eyni aqibəti yaşaya bilərlər".
Bu fikirləri AŞPA-da “Media azadlığı, ictimai etibar və vətəndaşların bilmək hüququ” adlı məruzənin təqdimatı və onun ətrafında müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Könül Nurullayeva deyib.
Bildirilib ki, Azərbaycan dövləti hər bir şəxsin məlumat almaq, sərbəst ifadə və söz azadlığını dəstəkləyir. Azərbaycan Konstitusiyasının 50-ci maddəsinə əsasən, hər kəsin qanuni yolla məlumat axtarmaq, almaq, hazırlamaq və yaymaq hüququ vardır. Bundan əlavə, Azərbaycanda internet bütün məhdudiyyətlərdən və senzuralardan azaddır, həmçinin yerli əhalinin 80 faizindən çoxunun internetə çıxışı var.
Deputat olaraq ictimaiyyətə vaxtında, şəffaf və dəqiq məlumatların verilməsində medianın rolunu çox vacib hesab edirəm. İnanıram ki, media azadlığı insanların məlumat almaq hüququnun düzgün icrası ilə birlikdə demokratik cəmiyyət yaratmağa, insanları konstruktiv debatlarda, siyasi seçkilərdə və digər qərar qəbuletmə proseslərində fəal iştirak etməyə sövq edə bilər”, - deyə K.Nurullayeva diqqətə çatdırıb.
Sonda deputat bütün ölkələrə əhalinin doğru məlumatlara etibarlı çıxışını təmin etmək üçün əlavə tədbirlər görülməsi ilə bağlı çağırış edib. Diqqətə çatdırıb ki, hökumət və dövlət orqanları ilə bərabər, özəl media, təhsil mərkəzləri və mədəniyyət müəssisələri də əhalinin məlumatlandırılması və maarifləndirilməsi ilə məşğul olmalıdırlar. Plenar iclaslarda ictimai maraq kəsb edən məsələləri gündəmə gətirməklə, insanların hüquqlarını müdafiə etməklə insanların məlumat almaq hüququnu və ictimai etimadını gücləndirmək olar.