Deputat: "Həbs olunan məmurlar artıq YAP-ın partiya üzvlüyündən çıxarılmalıdırlar".
Hakim partiyanın yeni nizamnaməsi haqqında Modern.az-a danışan YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin komitə sədri Tahir Rzayev xatırladıb ki, əvvəlki Nizamnamədə insanların firavanlığı, sosial vəziyyətinin yaxşılaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, siyasi partiyalarla dialoq, sülh əməkdaşlıq kimi ideyalar əsas təşkil edirdi:
- Bu Nizamnamədə də həmin ideyalar əks olunub. Nizamnamə Prezidentin son qurultayda çıxışı zamanı səsləndirdiyi dəyərli fikirlərə istinadla hazırlanıb. Cənab Prezident dedi ki, biz dünyada sülhün, əmin-amanlığın, haqqın, ədalətin tərəfdarı olmalıyıq. Yeni Azərbaycan Partiyası öz ideyaları və əməlləri ilə dünyaya sübut etməlidir ki, həqiqətən də yenilikçi partiyadır. İnsanların rifahına xidmət edir.
- Tahir müəllim, Nizamnamədə partiyanın yerli təşkilatları ilə bağlı mühüm məqamlar qeyd edilib. Hiss olunur ki, nəzarətin gücləndirilməsi qarşıdakı fəaliyyət dönəmində daha ön planda olacaq. Buna münasibətiniz necədir?
- Hər bir sahədə nəzarət olmalıdır. Nəzarət olmayan yerdə, heç bir yenilikdən, inkişafdan danışmaq olmaz. Nəzarətin olmaması məsuliyyətsizliyə gətirib çıxarır. Nəzarət o deyil ki, kimi isə sıxıb, zülm edəsən. Sənə iş tapşırılıbsa, icra etməlisən. İşi icra edə bilməyən adama yeni tapşırıq verilməli, həvəsləndirilməlidir. Nəzarət bu deməkdir. Azərbaycan cəmiyyətində isə bu başqa səmtə yozulur. Misal, bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətdən danışdıqda, hər kəs elə başa düşür ki, bələdiyyələr zülmə məruz qalacaq. Bu, səhv yanaşmadır. Partiyanın Nizamnaməsində nəzarətdən söhbət açılır, bu, diqqətə alınırsa, deməli işin yaxşılaşdırılması, səmərəliləşdirilməsi üçündür.
- Partiyadan uzaqlaşdırma ilə bağlı da bir sıra məqamlar diqqət çəkir. Belə görünür, səmərəli fəaliyyəti olmayan şəxslər partiya sıralarından xaric edilə bilərlər. Bu, necə nəticə verəcək?
- Bütün partiyalarda və YAP-ın bütün Nizamnamələrində bu cür fikirlər qeyd olunub. Əgər partiya üzvüsənsə, partiyanın fəaliyyətində yaxından iştirak etməlisən. Elə insanlar var ki, partiyaya qeydə alınır, partiya biletini alır, amma illərlə partiya fəaliyyətindən xəbəri olmur. Partiyanın iclaslarına gəlmir, üzvlük haqqını ödəmir, tapşırıqları yerinə yetirmir, ya da Nizamnamənin tamamilə əksinə hərəkət edir. Onlar necə partiyada qala bilər?
Keçmiş “Kommunist” partiyasında da belə bir qayda var idi. Üç dəfə üzvlük haqqını ödəməsən, sənə partiya töhməti verilirdi. Bu, təkrar olunanda uzaqlaşdırılma həyata keçirildi. Partiyanın tədbirlərinə qatılmayanlara da cəza verilirdi. Bu, partiyanın aktivliyinin artırılması üçün vacibdir. Biz partiyamızın nüfuzunu daha da qaldırmalıyıq.
- Partiya üzvlüyündən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşan, qanunsuzluğa yol verən, yaxud həbs edilən məmurlar üçün yeni Nizamnamə nələr vəd edir?
- Partiyanın Nizamnaməsində göstərilən tələblərdən kənara çıxan şəxslər uzaqlaşdırılmalıdır. Həbs olunan məmurlar artıq partiya üzvlüyündən çıxarılmalıdırlar. Çünki qanunları pozan cinayətkarlar partiyada ola bilməz. O adamların əksəriyyəti partiya ideyalarının əleyhinə gedirlər. Partiya üzvlüyünün hesabına vəzifəyə təyin edilən, sonra isə etimaddan sui-istifadə edib, insanları incidən məmurlar necə qəbul oluna bilərlər? Hər bir üzv partiya məsuliyyətini daşımalıdır.
Yeni Azərbaycan Partiyasının Nizamnaməsi həm humanist məqsədlərə, həm də insanların maarifləndirilməsinə və tərbiyələndirilməsinə xidmət edir.
- Vətən Müharibəsində qazanılan Zəfərdən sonra növbədənkənar qurultay keçirildi. Partiya strukturu, idarəetməsi, Nizamnaməsi və İdarə Heyətinin tərkibi tamamilə yeniləndi. Bu da təsadüfi deyildi. Yeni Nizamnamə hakim partiyanın gələcək fəaliyyətində əsas nəyi dəyişdirəcək?
- Hər bir qəbul olunmuş proqram, Nizamnamə yenilikdir və yeniliklərə xidmət edir. Prezident İlham Əliyev öz çıxışlarında son dövrün yeniliklərini qiymətləndirərkən mühüm məqamları qeyd edir. Vətən Müharibəsində qazandığımız qələbə bizə yeni reallıqlar bəxş etdi. Əvvəl torpaqlarımız işğal altında idi, Ermənistan diktə edirdi, az qala biz razılaşmalı olurduq. Amma yeni reallıqlar göstərir ki, ermənilər bizim diktəmizlə işləyir.
Partiyanın növbədənkənar qurultayının çağırılması da dövrün tələbi idi, zərurət idi. Struktur dəyişikliyi, gənclərə yer verilməsi, yaşlı və təcrübəli şəxslərin Veteranlar Şurasında yer alması mühüm əhəmiyyət kəsb edir. Bundan sonra partiya sıraları daha da möhkəmlənəcək, partiya üzvlərinin fəallığı yüksələcək. Partiyanın xarici, beynəlxalq aləmlə əlaqələri daha da səmərəli təşkil olunacaq.
Nizamnamədən belə görünür ki, partiyanın rayon təşkilatlarının rəhbərləri dəyişdiriləcək.
Hesab edirəm ki, bütün dəyişikliklər yalnız səmərə gətirəcək. Ona görə də biz bütün dəyişiklikləri dəstəkləyirik.