Ümumi 16 Mart 2021, 19:27 | Baxış sayı: 457
Deputat Fazil Mustafa hökumətin hesabatına münasibət bildirdi.

Deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında hökumətin hesabatını müsbət dəyərləndirdi. Bildirdi ki, adətən, müxalifət partiyasının təmsilçisi kimi, hökumətin hesabatına rəyi mənfi olub “Amma bu hökumətin hesabına müsbət səs verəcəyəm”, deyə, F.Mustafa əlavə etdi. Bildirdi ki, bunun səbəbi var: “Ona görə müsbət səs verəcəyəm ki, iki savaşdan çıxmış bir hökumətin hesabatıdır”. Deputat qeyd etdi ki, Azərbaycan əsgərinin qazandığı qələbənin, eyni zamanda pandemiyaya qarşı həkimlərin fədakarlığının arxasında hökumətin fəaliyyəti dayanır. “Bu hesabatın özünü də qalib ölkənin hökumətinin hesabatı kimi qəbul etmək olar”.

F.Mustafa pandemiyanın yaratdığı çətinliklərlə yanaşı, son üç ayda tikinti materiallarının, ərzaq məhsullarının qiyməti sürətli şəkildə artdığını da qeyd etdi. Bildirdi ki, pandemiyaya görə, bir sıra obyektlər bağlanıb, insanlar iş yerlərini itirib. “İşsiz əhalinin sayı kifayət qədər artmaqdadır”, F.Mustafa bildirdi. Eyni zamanda qeyd etdi ki, ən çətin dönəmdə dövlət sosialyönümlü xərcləri azaltmayıb, əksinə, artırıb.

Sosial sahədəki problemlərdən bəhs edən deputat dedi ki, 2020-ci ildə 35 min nigah bağlanıb, 14600 boşanma qeydə alınıb, hər üç ailədən biri boşanıb. F.Mustafanın sözlərinə görə, sosial vəziyyətin ağırlığı burada əsas göstəricilərdən biridir.

F.Mustafa seçildiyi dairənin problemlərindən də danışdı. Dedi ki, əgər Birinci vitse-prezident Mehriban Əliyevanın mədəni abidələrə həssaslığı olmasaydı, məmurlar çoxdan mədəniyyət ocaqlarının axırına çıxardılar. “Hansı ölkədə kinostudiyanın, konservatoriyanın ətrafı restoran, bar olur”, - F.Mustafa sual etdi və tənqidi fikirlərini bölüşdü.

Xəbərlər