“Cümhuriyyət qurucularının məzarlarının ölkəmizə gətirilməsinin dini, yaxud digər baxımdan nə qədər doğru olub-olmadığını bilmirəm”
“Xalq Cümhuriyyətinin qurucularının məzarlarının Azərbaycana gətirilməsi məsələsi daha əvvəllər də müzakirə olunub, birinci dəfə deyil. Bilirsiniz ki, hələ o dönəmdə Azərbaycanın müstəqilliyinin qazanılmasında müəyyən qədər fəaliyyətləri olan, parlamentə rəhbərlik edən, parlament üzvləri olan insanların məzarları Türkiyədə və digər ölkələrdədir, ölkəmizdən kənardadır. Cümhuriyyətin yaranmasından 105 il keçib. Ona görə də məzarların ölkəmizə gətirilməsinin dini, yaxud digər baxımdan nə qədər doğru olub-olmadığını bilmirəm”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
“İkinci Dünya Müharibəsində nə qədər həlak olanlar oldu. Əlbəttə, hər kəsin doğması özünə doğmadır. Həmin müharibədə itkin düşənlər var, onlar vətənin igid oğulları kimi qəhrəman adını alıblar. Halbuki heç qəbirlərinin harada olduğu da bilinmir. Düşünürəm, bu, bir az çətin məsələdir. Əlbəttə, Cümhuriyyət qurucularının məzarlarının Azərbaycana gətirilməsi fikrinə hörmətlə yanaşıram. Amma 105 il keçib, bunun həlli məsələsi necə olar, doğrudan da, bilmirəm”, - deputat qeyd edib.