“Cərimələrin artırılması, əslində, vətəndaş üçün böyük bir yükdür. Bu səviyyədə cərimə artırılmaz."
“Cərimələrin artırılması, əslində, vətəndaş üçün böyük bir yükdür. Bu səviyyədə cərimə artırılmaz. Çünki bu, doğru bir yanaşma deyil. Ona görə ki, cəriməni həddən artıq sərtləşdirəndə bu pul vətəndaşın cibindən çıxır. Vətəndaş yoxsullaşanda isə dövlət yoxsullaşır. Mən bu prinsipin əleyhinəyəm”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yol hərəkəti ilə bağlı cərimələrin artırılması məsələsinə münasibət bildirib.
Xatırladaq ki, yol hərəkəti qanunlarının pozulması ilə əlaqədar cərimələrin 5 dəfədən çox artırılması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri cərimə məbləğlərinin fantastik şəkildə artırılmasının əleyhinə olduqlarını söyləyiblər.
Məlumat üçün qeyd edək ki, avtomobil yollarının saxlanılması və qorunması qaydalarının (38.1) pozulmasına görə cərimələr yeni layihəyə əsasən, 5 dəfədən çox artırılıb.
Məsələn, məcəllənin hazırkı variantında vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər isə 1.000 manatdan 2.000 manatadək məbləğdə cərimə edilirsə, dəyişikliklərə əsasən, vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər isə 2.000 manatdan 3.000 manatadək məbləğdə cərimə olunacaq.
Öz növbəsində, F. Mustafa söyləyib ki, son illər bu tendensiya daha da sürətlənməkdədir və ayrı-ayrı yerlərdə vəsait azlığı vətəndaş üzərindən edilməyə yönəlir:
“Bu da yanlış bir yanaşmadır. Əksinə, bacardıqca, vətəndaşın yükünü azaltmaq lazımdır. Yoxsa ki, hər şeyə rüsum, hər şeyə cərimə, ödəniş - bu, artıq normal yaşam imkanlarından kənara çıxır”.
“Biri var, vətəndaş zəngin yaşaya, bu, başqa məsələ. Məsələn, ABŞ-da səhiyyə xərci adambaşına 10 min dollardır. Bizdə isə sadəcə 100 dollar. Əgər bir adam müalicəsi üçün normal dərman ala bilmirsə, yaxud həkimə gedə bilmirsə, bunun adı nədir?! Buna görə də bu kimi cərimələr vətəndaşlara çox böyük ziyan vurur. Qısası, cərimələrin bu qədər artırılması prinsipinin əleyhinəyəm”, - deputat fikirlərini tamamlayıb.