Cəmiyyət 14 İyun 2022, 17:30 | Baxış sayı: 197
“Cəmiyyətdə yeni qanunlar işləməyə başlayanda bir az ağrılı ola bilir".

“Ölkə inkişaf etdikcə günün tələblərinə, yeni çağırışlara uyğun olaraq qanunlar, qaydalar yenilənir. İnsanların maddi imkanları yüksəldikcə yeni standartlara uyğun olan yaşayış evləri, binalar inşa olunur, o cümlədən də ölkəyə yeni avtomobillər gətirilir. Bu da təbii haldır. Hələ də ölkədə, yəni həm Bakıda, həm də regionlarda köhnəlmiş avtomobillərə də rast gəlinir. Onların yanacağı artıq sərf etməsi və bundan irəli gələrək zəhərli qazları havaya buraxması bugünki günün tələbatlarına uyğun deyil, ziyanlı sayılır.”

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, bu, çox incə məsələdir və insanların imkanlarına görə müəyyən olunur: “Cəmiyyətdə yeni qanunlar işləməyə başlayanda bir az ağrılı ola bilir, amma onların hər biri sonradan formalaşır. İnsanlar da razı qalırlar və qanuna riayət edərək öz işlərini qura bilirlər. Düşünürəm ki, bu sahədə hansısa radikal addımların atılmasına ehtiyac yoxdur. Amma əvvəl xüsusi il qoyulduğu kimi, yəni həmin ildən aşağı avtomobillərin ölkəyə gətirilməsi qadağan olunduğu kimi yenə də istehsal illəri bir az artırıla bilər. Azərbaycanda avtomobil parkının tamamilə yenilənməsi üçün ikinci bir məqam isə bundan ibarət olar ki, ölkədə bir neçə beynəlxalq təcrübə modelindən istifadə olunsun. Məsələn, Rusiyada Rusiya modeli tətbiq olundu. Digər ölkələrdə də belə təcrübələr var. Onlara da baxıb daha uyğun olanlarını ümumiləşdirərək gələcəkdə Azərbaycanda tətbiq etmək olar. Əlbəttə ki, hər birimiz arzulayardıq ki, ölkəmizdə, küçələrimizdə şütüyən avtomobillər yeni olsun. Bu bir növ həm ölkə insanlarının rifahını göstərir, həm də yaxşı görünür və biz yeni Azərbaycanı dünyaya təqdim edirik. Bu mənada bunlar bir-birinə qarşılıqlı bağlı olan məsələlərdir, lakin əlbəttə ki, ilk növbədə burada insanların maddi vəziyyətini nəzərə almaq lazımdır. Hər şey dəqiq ölçülüb, biçilməli və sonda düzgün alətlərdən istifadə edilməlidir. Düşünürəm ki, zamanla bu məsələlər də daha uyğun olan metodlarla öz həllini tapacaq”.

Xəbərlər