Ümumi 16 Mart 2023, 14:34 | Baxış sayı: 188
“Casusun qadını, kişisi olmur, həmin qadın nəzarətdə saxlanılmalıdır...”

Xəbər verdiyimiz kimi, Göyçayda Samirə Cəfərova adlı qadın qanunsuz dini yığıncaqlar təşkil etdiyi üçün 2 min manat cərimələndikdən sonra sərbəst buraxılıb. S.Cəfərova bununla bağlı yaydığı səs yazısında "rəhbəri" İranın dini lideri Seyid Əli Xameneiyə canını belə qurban verməyə hazır olduğunu, “iki min manat cərimə azdır, elə bilirdim məni həbs edəcəksiniz, canımı alacaqsınız” deməsi cəmiyyətdə rezonans yaradıb. Qadının sərbəst buraxılmasına etiraz edilir.

 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı da Pravda.az-a açıqlamasında deyib ki, casusun qadını, kişisi olmur.

 

“Azərbaycandan olan qadının öz evində qanunsuz dini ayinlər keçirməsi, xüsusilə başqa ölkəyə casusluq etməsi ilə bağlı xəbəri oxudum, evində çəkilən şəkli gördüm. Onun İran mollasının şəklini evindən asıb, onu özünə “dini lider” götürməsini hiddətlə qınayıram. Bu, cahillikdir, xurafatdır. İslam dini o qədər müasir dindir ki. İslamda molla dini lider ola bilməz. Dinimizdə Allah, Məhəmməd Peyğəmbər, bir də “Qurani-Kərim” var. İran mollaları İslam dinində heç bir funksiyası, yeri, rolu olmayan, adi adamlardır. Başqalarından heç bir üstünlükləri yoxdur. Əksinə, insanların beyinlərini zəhərləməklə məşğuldurlar. Çox təəssüf ki, bir Azərbaycan qadını onların zəhərli ideologiyasının qurbanı olub, beyni yuyulub. Biz müsəlmanıq. Hər bir müsəlmanın Allah qarşısında “Qurani-Kərim”dən, Peyğəmbərimizin buyurduqlarından irəli gələn müəyyən öhdəlikləri var.  Hansısa ölkəyə xəfiyyə funksiyası rolu oynaya biləcək bir adamı – nəzərə alsaq ki, bu, Azərbaycan qadınıdır – həqiqətən, hiddətlə qınayıram. Belə adamlar ciddi nəzarətdə olmalıdırlar. Düzdür, onu sərbəst buraxıblar. Bilirəm, Azərbaycan qanunları, məhkəmə-hüquq sisteminin tətbiq etdiyi qanunlar o qədər humanistdir ki, qadına törətdiyi istənilən cinayətdə “Azərbaycan qadını, Azərbaycan anası” prizmasından baxırlar. Amma casusun cinsi olmur. Bu, qadın da, kişi də ola bilər. Heç cür qəbul edə bilmirəm ki, həmin qadının evində Azərbaycana qarşı hər zaman təxribat törədən, kin-kidurətlə yaxınlaşan, uğurlarını, inkişafını, müstəqil bir dövlət kimi dünyada tanınmasını istəməyən, gözü götürməyən, Azərbaycana qarşı hər zaman təcavüzkar siyasət yürütmüş Ermənistanı dəstəkləyən, Ermənistanla “bacılaşmış, qardaşlaşmış” bir ölkənin mollasının şəkli nə gəzir? Çox təəsüf ki, bu gün İranın casus, missioner mollalarının əlaltıları Azərbaycanda hələ çoxdur. Hesab edirəm, müvafiq qurumlar bununla bağlı ciddi işləməlidirlər. Fərqi yoxdur, bu kimi istər qadın, istərsə də kişi olsun, hamısı tam ciddi nəzarətdə saxlanılmalıdır”, - deputat bildirib.

Xəbərlər