Cəmiyyət 13 İyun 2022, 16:19 | Baxış sayı: 48
"Bəzən yanında sevgilisi olan gənclər təkəbbürlü hərəkət edir, polisə müqavimət göstərirlər".

“İnsan azaddır, amma bəzi hərəkətlərinə sədd qoymağı bacarmalıdır. Hər birimiz parkda, bulvarda, müyyən istirahət zonalarında oluruq. Polisin hansısa cütlüyə yaxınlaşıb haqsız yerə tədbir görməsinin indiyə qədər hələ şahidi olmamışam. Bəzən elə hallar olur ki, gənc cütlüklər ictimai qaydaları pozurlar, uyğunsuz hərəkətlər edirlər. Əlbəttə ki, belə halda polis mütləq öz münasibətini bildirməlidir. Əgər iki cütlük oturub camaatı narahat edən, xoşagəlməz, insanlar tərəfindən qəbul olunmayan hərəkətlərə yol verirsə, sözsüz ki, polis buna müdaxilə etməlidir. Uşaq, yaşlı, cavan var… Axı ictimai yerdə belə hərəkətlər yolverilməzdir. Təkcə polis yox, hər birimiz buna müdaxilə etməliyik. İzah edib başa salmalıyıq ki, bura ictimai yerdir, həyat yoldaşımla, nəvəmlə gəlmişəm. Sənsə açıq-saçıq hərəkət edirsən, belə olmaz”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O bildirib ki, hər hansı cütlük sərbəst oturub söhbət etsə, bir-birinə normal sevgi münasibəti göstərsə, polis də müdaxilə etməz: “Belə hal indiyəcən olmayıb. Elə yerlər var ki, orda açıq-saçıq hərəkətlərə yol vermək olmaz. Xarici ölkələrdə də belə hallar olur. İctimaiyyəti narahat edən, marağında olmayan, qəbuledilməz hərəkətlər olanda, irad bildirilir. Bizdə də bu cür olmalıdır. Sən küçədə nizam-intizamla gəzirsənsə, niyə səni polis saxlamalıdır? Bir də görürsən ki, bəzisi oturub, əlində tum çırtlayıb tökür yerə. Əlbəttə ki, polisin buna müdaxilə etmək haqqıdır. Dəfələrlə parklarda görmüşəm ki, ağacı qırırlar. Demişəm, ay oğul, belə olmaz. Hətta görmüşəm ki, əlində maqnitafon tutub oxudur, qışqırır. İrad bildirmişəm ki, ay oğul, camaata mane olma. İradımı qəbul edənlər çox olub. Münasibəti bildirmək tərzi var. Kobud şəkildə, acıqlı, təhqiramiz ifadələrə yol vermək düzgün deyil. Yaxınlaşıb mədəni şəkildə iradını bildirdikdə, əksər gənc bunu qəbul edir. Bəziləri olur ki, emosiyaya qapılır, yanında sevgilisi olan gənclər müəyyən qədər təkəbbürlü hərəkət edir, polisə də müqavimət göstərirlər. Belə halda qarşı tərəf də öz emosiyalarını cilovlamalıdır”.

Paylaşın

Xəbərlər