"Bəzi universitet, kollec, idarələr şəhərdən kənarlaşdırılmalıdır”.
“Bakıda tıxaclar yarananda və elə indiki haldakı kimi dəfələrlə demişik ki, şəhərin yükü azaldılmalıdır. Bununla atmosfer çirklənməsinin, müəyyən ərzaq, yerləşmə, hərəkətin sıxlığı kimi problemlərin qarşısını alına bilərik. Bu səbəbdən də bəzi universitet, kollec, idarələr şəhərdən kənarlaşdırılmalıdır”.
Bu fikirləri Modern.az-a açıqlamasında Mili Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib.
Deputatın sözlərinə görə, dünya təcrübəsində elə ölkələr var ki, hətta qəsəbədə belə ali məktəb, hansısa nazirliklər, nümayəndəliyi yerləşir:
“Demək olar ki, bütün nazirlik, idarə, universitetlər Bakıdadır. Bu da paytaxtda tıxac problemi yaradır, gediş-gəlişə mane olur. Digər tərəfdən, əsas problem də odur ki, uzaq ərazilərdən minlərlə tələbə Bakıya təhsil üçün gəlir. Bir çoxu bura uyğunlaşmaqda çətinlik çəkir, yaşamaq üçün müəyyən vəsait tapa bilmir. Ortaq regionlarda universitetlər fəaliyyət göstərsə, belə gənclərə asan olar. Bu həm də bilavasitə həmin ərazilərin mədəni səviyyəsinin yüksəlməsinə köməklik göstərə bilər. Çünki ali məktəblərin olduğu o yerlər mədəniyyət mərkəzləri sayılır”.
T.Rzayev qeyd edib ki, müəyyən əlaqəli nazirliklərin bir hissəsi gələcəkdə işğaldan azad olunmuş ərazilərimizə köçürülməlidir:
“Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin müəyyən tədqiqat laboratoriyaları, institutları Füzuli, Kəlbəcər, Laçına köçürülə bilər. Pambıqçılıq institutu varsa, Füzuli, Ağacabədiyə köçürülsün. Belə institutların hamısının paytaxtda cəm olması həddindən artıq sıxlığa səbəb olur. Sıxlığın özü həm də müəyyən problemlərə, neqativ hallara yol açır”.
Bundan əlavə, deputat paytaxta yaxın rayonlara pedaqoji universitet və kolleclərin köçürülməsini təklif edib.
Şəhərsalma və Arxitektura Komitəsindən Modern.az-a verilən məlumata görə, Bakı şəhər Baş Plan çərçivəsində mövcud planlaşdırma strukturu nəzərə alınmaqla, ərazinin çoxmərkəzli inkişaf modelinin yaradılması təklif olunur:
“Çoxmərkəzlilik konsepsiyası bütün şəhər ərazisində hər bir sakin üçün bərabər imkanlar və xidmət standartları təqdim edəcək. Bu məqsədlə şəhərin ərazi inkişafının istiqamətlərini müəyyən edəcək şəhər mərkəzləri sisteminin yaradılması təklif olunur.
Təklif olunan Regional Mərkəzlər (Ələt, Mərdəkan və Sumqayıt) Mərkəzi Bakının regional analoqları rolunu oynayaraq öz təsir dairəsinə daxil olan ərazilərdə yüksək səviyyəli şəhər xidmətlərinin göstərilməsini təmin edəcək. Regional şəhər mərkəzlərinin mövcud planlaşdırılan nəqliyyat infrastrukturu vasitəsilə Mərkəzi Bakı ilə əlaqəsi təmin edilir. Bu mərkəzlərin şəhərin genişlənməsi və ya əhali artımı üçün kifayət qədər ərazi imkanlarına malik olması nəzərdə tutulur.
Alt-mərkəzlər (Lökbatan, Binəqədi, Sabunçu, Zığ (Hövsan) və Xırdalan) Mərkəzi Bakının hüdudlarında yerləşən strateji əhəmiyyətli mərkəzlər olaraq periferiyanın müxtəlif istiqamətlərindən şəhər mərkəzinə doğru giriş qapıları rolunu oynayacaqdır. Bu mərkəzlərlə əlaqə effektiv ictimai nəqliyyat sistemi və magistral yollar vasitəsilə təmin ediləcək”.