Cəmiyyət 7 İyun 2022, 17:12 | Baxış sayı: 214
"Bəzi QHT-lərin yalnız adı var, demək olar ki, fəaliyyət göstərmirlər".

“Azərbaycanda kifayət qədər Qeyri Hökumət Təşkilatı mövcuddur. Bu təşkilatlar vətəndaş cəmiyyətində, təbii ki, aparıcı rol oynamalıdır. Zaman-zaman QHT-lərin arasında həqiqətən də cəmiyyətin hərtərəfli inkişafına töhvə verən təşkilatlar olub, bu gün də var, ictimai nəzarət funksiyası həyata keçirə bilir, maraqlı layihələrlə cəmiyyəti maarifləndirirlər. Amma QHT-lər arasında belələri barmaqla sayılacaq qədərdir. Bəzi QHT-lərin yalnız adı var, demək olar ki, fəaliyyət göstərmirlər. Bir neçəsi xaricdən qrant ala bilmir, bu da onu deməyə əsas verir ki, həmin Qeyri Hökümət Təşkilatları əsasən qrant almaq məqsədi ilə yaranıb. Artıq qrant ala bilmirlərsə, fəaliyyətləri görünmür. Hətta elələri var, fəaliyyət göstərməyə cəhd də etməyiblər. Bu təşkilatlar nəyə görəsə yaranıb və yaranandan bu günə qədər ortada heç bir fəaliyyətləri yoxdur. Bu, yolverilməzdir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd eib ki, QHT-lər aktiv fəaliyyət göstərməlidirlər, onların fəaliyyəti təkcə qrant almaqla bitmir: “Qrant almaq, sadəcə, işin bir hissəsi deməkdir. O vəsaiti almadan da vacib işlərin görülməsini təmin etmək olar. Bunun üçün vətənimizi, xalqımızı, dövlətçiliyimizi düşünmək lazımdır. Cəmiyyətin inkişafında QHT-lər aparıcı rol oynamalıdırlar. Çünki vətəndaş cəmiyyəti dövlətin, cəmiyyətin inkişafında çox vacib rol oynayır. Bu, belə də olmalıdır. Təəssüf ki, xarici təşkilatlardan qrant alınması məsələsi çətinləşəndən sonra QHT-lərin bir çoxu susqunluq nümayiş etdirirlər. QHT-lər cəmiyyətin maarifləndirilməsi üçün dövlət orqanları ilə birgə və ya ayrıca təkcə Bakıda deyil, regionlarda, hətta ucqar kəndlərdə gənclərlə, insanlarla maraqlı layihələr təşkil etməlidirlər. Aktiv QHT-lər susqun qalanlara nümunə olmalıdırlar. Çalışmalıdırlar ki, öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qursunlar. Çünki yeni çağırışlar var, Azərbaycan sürətlə inkişaf edən dövlətdir, güclü ölkədir. Xalqımız müzəffər, dövlətimiz qalibdir”.

Xəbərlər