Cəmiyyət 10 May 2023, 14:08 | Baxış sayı: 100
“Bəzi ölkələrin qiyafətində görünməyimiz lazım deyil”

““Avroviziya” ilə bağlı yarışları izləmirəm. Mənim maraq dairəmə aid deyil. Amma müəyyən kəsim insanları maraqlandırırsa, yarışmanın hansısa tələbləri varsa, bu tələblərə uyğun şəkildə təmsilçiliyi zərərli hesab etmirəm. Azərbaycan olaraq bütün platformalarda təmsil olunmağa çalışmalıyıq. Təbii ki, “Avroviziya”da Azərbaycan xarakterini, mədəniyyətini nümayiş etdirməliyik. Qalib gəlmək, yaxud hansısa şəkildə tələb olunan formalara girmək yerinə daha çox Azərbaycanın tanıtımı, Azərbaycan mahnılarının səslənməsini təmin etməliyik. Eybi yox, qoy səs yığmayaq. Amma əsad budur ki, yarışda iştirak etməklə ölkəmizin varlığını dünyaya göstərmək üçün platforma qazanırıq. Bütün hallarda, geyim, davranış, mahnı seçimi də buna uyğun olmalıdır, əlbəttə, müasirlik nəzərə alınmaqla. Hər hansı şəkildə bəzi ölkələrin qiyafətində görünməyimiz lazım deyil. Bizim üçün daha çox Azərbaycan obrazını, modelini təqdim etmək faydalıdır. Ümid edirəm, növbəti proseslərdə bu nüanslar nəzərə alınacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

 

Deputat bildirib ki, bütün hallarda, bu məsələləri ölüm-itim məsələsinə çevirməyin tərəfdarı deyil: ““Avroviziya” sıradan yarışdır, kimlər istəyirsə, qatılsın, özlərini hansısa formada təqdim etsinlər. Burada dövlətə, cəmiyyətə o qədər də xələl gəlmir. Amma biz daha çox bilik yarışmalarında, elmi dərgilərdə, dünya reytinqlərində universitet sıralamalarında önə çıxmağı düşünməliyik. Belə xırda detallar – futbol yarışı, yaxud musiqi festivalı üzərindən heç də bütövlükdə xalqa dəyər verilmir. Xalqa dəyər verən onun düşüncə imkanlarına, potensialına görə verir. Çalışmalıyıq, fənn olimpiadalarında aktiv iştirak edək, orada nəticələr göstərək. Yoxsa bunlar keçici məsələlərdir. Təbii ki, turizm, ölkənin reklamı üçün faydası var, amma o qədər də böyük əhəmiyyətli nəticə doğuran tədbirlər deyil. Daha əhəmiyyətli tədbirlərə diqqətimizi yönəltməliyik”.

Xəbərlər