“Bəzi ölkələr və diplomatları erməni təxribatlarına göz yumur”
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri davam edir.
Milli Məclisin deputatı Tahir Rzayev açıqlamasında xarici diplomatların Ağdam səfərini dünyaya verilən mesaj kimi dəyərləndirib:
“Ağdam – Xankəndi yolu barədə beynəlxalq ictimaiyyətə məlumat vermək vacibdir. Əsaslı faktlarla sübut edirik ki, Laçın yolu ilə ermənilərə silah daşınıb, diversiya qrupları gəlib, gedib. Bunun üçün də nəzarət – buraxılış məntəqəsi qoymuşuq – haqqımızdır. Çünki erməni təxribatı uzun illərdir davam edir, humanitar böhran şousu yaradaraq, təbliğat aparırlar. Dünən Şuşada qazıntılar zamanı ermənilərin daha bir vəhşiliyi üzə çıxdı. İnsanları bədənlərinə mismar vuraraq vəhşicəsinə qətlə yetirmişdilər. Bu kimi faktları dünyaya çatdırmalıyıq”.
Deputat bildirib ki, bəzi ölkələr və diplomatları erməni təxribatlarına göz yumur, separatizmi dəstəkləyirlər:
“Qoy, gəlsinlər, görsünlər ki, yüklərin daşınması üçün Ağdam yolu daha əlverişlidir. Laçın yolunda bütün yükləri yoxlamaq çətindir. Oradan həm də xəstələr daşınır, maşınlar keçir. Ağdam yolu məsafəcə daha yaxındır”.
T.Rzayev qeyd edib ki, informasiya savaşını davam etdirməliyik:
“Fikrimcə bu diplomatların çoxu liberal mövqeyini qoruyub, səsini qaldırmayacaq. Lakin 20 nəfərdən 5-i də olsa, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırırsa, bu bizim xeyrimizədir. Bu səfərlər sistematik təşkil olunmalıdır. İnformasiya savaşında qalib gəlməkdəyik. Reallıqlara əsaslanıb işimizi davam etdiririk. Dünya kimin haqlı, kimin haqsız olduğunu görür”.
demokrat.az