Siyasət 10 Aprel 2023, 12:44 | Baxış sayı: 174
“Bəzi məscidlərdə ayələr ərəbcə yazılsa da, Azərbaycan dilində tərcüməsi olur…”

Məscidlərdə, dini ibadət yerlərində ərəbcə yazılan şüarların, ayələrin Azərbaycan dili ilə əvəz edilməsi təklif olunur. Bildirilir ki, əksəriyyət ərəbcə yazılanların mənasını anlamır. Ona görə ya tamamilə Azərbaycan dilinə tərcümə edilməli, ya da ərəb dili ilə yanaşı, Azərbaycan dilində anlamı yerləşdirilməlidir.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə isə Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanda məscidlərin tarixi böyükdür, əksəriyyəti 100-150 il bundan əvvəl tikilib.

 

“İbadət yerlərimiz bizim məscidlərimizdir. Bu məscidlərin inşası dönəmində divarlarına ərəb hərfləri ilə ayələr yazılması təbii məsələdir. Həmin dövrlərdə ərəb hərflərindən istifadə edilirdi. Məscidlərdə ərəbcə yazılan bəzi yazılarda məscidin inşa tarixi, onu tikən şəxslərin adları, eyni zamanda ayələr həkk olunur. Həccə gedib gələn şəxslər tərəfindən də bəzi məscidlərə şüarlar, müəyyən sözlər yazılan çərçivələr hədiyyə edilir. Bunlar ərəb ölkələrindən gətirilirsə, ərəb dilində olmalıdır. Amma bəzi məscidlərdə rast gəlmişəm ki, ayələr ərəbcə yazılsa da, arxasında Azərbaycan dilində tərcüməsi olur. Çünki bizdə də ərəb dilindən  tərcümə edə bilən böyük alimlər, savadlı gənclərimiz var. Məscidlərdə başqa bir dövlətin atributlarının, bayraq şəklində şüarların və s. olmasını istəməzdim, ölkəmizə aid atributlar olsa, daha yaxşı olar”, - deputat bildirib.

 

C.Paşazadə məscidlərdə tamamilə Azərbaycan dilində yazılardan istifadə olunması təklifinə isə belə münasibət bildirib: “Tam Azərbaycan dilində olması barədə nəsə deyə bilmərəm. Bir müddət əvvəl də fikirlər söylənildi ki, namaz Azərbaycan dilində qılınsın, “Quran” da ərəbcə oxunmasın. Hələ neçə illər əvvəl qardaş Türkiyədə böyük alimlər namazın türk dilində qılınmasını istəyirdilər, amma nəticəsi olmadı. Bu, mənim sahəm deyil deyə dəqiq nəsə deyə bilmirəm. Məscidlərdə toplu şəklində cümə namazları qılınır, ayələr oxunur. Məsciddə hərə öz dilində namaz qılsa, “Quran” oxusa, pişnamaz hansı dildə oxuyacaq? Dövr dəyişdikcə Azərbaycan dilində “Quran” tərcümələrinin də mənası dəyişir. 20 il əvvəl tərcümə olunan “Quran” bu gün bir az başqa cür tərcümə olunur. Çünki insanların elmi, savadı, dil bilikləri daha da təkmilləşir. Ona görə də ərəb dilindən tərcümədə səhvlərin olması təbiidir. “Quran” həm rus, fransız, həm özbək, qazax, türk və s. dillərə də tərcümə olunur. Hər dilin öz leksikonu, oturuşu var. Əsas mənbə isə “Quran”ın ərəbcə olan formasıdır”.

Xəbərlər