Səhiyyə 4 Oktyabr 2023, 16:57 | Baxış sayı: 131
“Bəzi işbazlar əhalinin vəziyyətindən istifadə edib, qiymətləri süni şəkildə artırırlar”

Dərmanlarla bağlı ölkədə xeyli problemlərin olduğu məlum məsələdir. Vətəndaşlar bəzi dərmanların tapılmamağından, apteklərdə qiymətlərin fərqli olmağından, qonşu ölkələrlə müqayisədə eyni dərmanın 3-4 dəfə baha olmağından narazılıq edirlər. 

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, dərman bazarında qiymətlərin günbəgün artması hər kəsi narahat edir:

“Qiymətlər az miqdarda artsa, insanlar bir o qədər narahat olmaz. Amma bu gün 5 manata olan dərman sabah iki dəfə bahalaşır. Çoxları fikirləşir ki, bazar iqtisadiyyatıdır, sahibkarlıqdır, istənilən mala istənilən qiyməti qoymaq olar. Bazar iqtisadiyyatının olması həqiqətdir, ancaq bununla bərabər vətəndaşlıq qayəsi olmalıdır. İnsanları düşünmək, vəziyyəti nəzərə almaq, reallığı qiymətləndirmək lazımdır. Yoxsa ki, insanların müəyyən bir dərman vasitəsinə ehtiyacı olduğu halda onun qiymətini bir neçə dəfə artırmaq insafdan deyil. Axı çoxu bu dərmanları ala bilmir, imkanları yoxdur. Lap imkan var, niyə 5 manata alınan dərman 5-10 qat baha qiymətə satılmalıdır?!”

Deputat təəssüflə qeyd edib ki, bu gün dərman bazarında məsuliyyətsizlik, insafsızlıq hökm sürür: 

“Burada bir monopoliya var. Bəzi işbazlar əhalinin vəziyyətindən istifadə edib, qiymətləri süni şəkildə artırırlar. Düzdür, bu sahədə dövlətin tələbləri var, müəyyən qaydalar qoyulub. Ancaq yenə deyirəm, ciddi tədbirlər görülməlidir. İnsanlar bu qədər əziyyət çəkməməlidirlər. Onların çarəsizliyindən istifadə edib, var-dövlət yığmaq imandan deyil. Qiymət artımına son qoyulmalıdır”.

demokrat.az

Xəbərlər