Cəmiyyət 26 Mart 2023, 17:02 | Baxış sayı: 152
"Bəzi hotellərdə əxlaqsızlıqlara yol verilir"

Paytaxt ərazisində yaşayış binalarının zirzəmisində, yaxud birinci mərtəbəsində fəaliyyət göstərən gecə klubları, hotellər, müxtəlif iaşə obyektləri ilə bağlı narazılıqlar hər zaman olduğu kimi bu gün də davam edir. Bu cür iaşə obyektləri yerləşən binaların yuxarı mərtəbələrində yaşayan sakinlər həmin obyektlərdəki səs-küy, kəskin qoxu, gecə saatlarına qədər davam edən müsiqi səsindən narahatlıq keçirirlər. Bakının Nizami rayonu Əlif Hacıyev küçəsində yerləşən “46 d” nömrəli binanın sakinlərinin vəziyyəti isə daha acınacaqlıdır. Belə ki, bu binada yaşayan sakinlərin sözlərinə görə, birinci mərtəbədə fəaliyyət göstərən “Nord-West” hoteli əxlaqsızlıq yuvasına çevrilib. Gecə saatlarına qədər hotelin həyətində davam edən səs-küy, nalayiq ifadələr, siqaret qoxusu sakinlərin dinc yaşayışına imkan vermir. Onlar bildirirlər ki, məsələ ilə bağlı rəsmi qurumlara dəfələrlə müraciət etsələr də, heç bir tədbir görülmür.


Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, dünyanın bir çox ölkələrində yaşayış binalarının aşağı mərtəbələri iaşə obyekti kimi fəaliyyət göstərir.


“Bura müalicə mərkəzləri, kiçik hotellər də daxildir. Azərbaycanda da turistlərin gecələməsi üçün fəaliyyət göstərən hotellər var. Qanunauyğun şəkildə, lisenziyalı fəaliyyət göstərən iaşə obyektlərinin olması normaldır. Əlbəttə, bu məsələdə milli mentalitetimiz, yerli sakinlərin rahatlığı da nəzərə alınmalıdır. Bəzi hotellərdə qeyri-qanuni hallara, əxlaqsızlıqlara yol verilir, gənc qızlar dəvət olunur. Sakinlərin gözü qarşısında bu cür halların yaşanması yolverilməzdir. Bu, ətrafdakı gənclərin gələcəyinə də mənfi təsir göstərə bilər. İstərdim ki, aidiyyatı strukturlar lisenziya verərkən həmin obyekt sahiblərinin hansı işlə məşğul olmaları, obyektin yerləşdiyi ərazi və bu kimi məsələlərə həssas yanaşsınlar, diqqət etsinlər. Qanunamüvafiq qaydada iaşə obyektləri tez-tez yoxlanılmalı, lazımi tədbirlər həyata keçirilməlidir. Paytaxtda bəzi böyük məhəllələrdə yerləşən on səkkiz, iyirmi mərtəbəli binların aşağı mərtəbəsində kababxana açılır. Bu cür restoranlara xeyli sayda insan gəlir. Ətrafa qoxu yayılır. Bunun gecəsi-gündüzü var. Axı bu binalar yaşayış üçündür, orada körpə, yaşlı, xəstə insanlar yaşayır. Həmin obyektlərin gecə saatlarına qədər işləməsi sakinlər üçün narahatlıq yaradır. Bu, insanların şəxsi mülkündə istədikləri kimi yaşamına maneədir. Bir nəfərin qazancı, bir ailənin dolanışığı naminə xeyli ailə əziyyət çəkir. Təbii ki, hər şey yerində olmalıdır. Qanunlarımıza, mentalitetimizə uyğun fəaliyyət göstərilməlidir…”, - deptat bildirib.

Xəbərlər