Cəmiyyət 19 Oktyabr 2023, 9:31 | Baxış sayı: 168
“Bəzi hallarda valideynlər bağçalara müəyyən “vəsait” təqdim edirlər, müəllimləri öyrəşdirirlər”

Son zamanlar dövlət bağçaları ilə bağlı şikayətlər daha da artıb. Bağçalardakı nəzarətsizlik, qeyri-şəffaf mühit ciddi narazılığa səbəb olub. Sosial şəbəkələrdə Elm və Təhsil Nazirliyinin ünvanına yazılan şikayətlərdə valideynlər bildirirlər ki, xüsusən paytaxtda fəaliyyət göstərən bağçalarda rüşvət baş alıb gedir. “Qiymətlər” isə bağçanın yerinə görə dəyişir... 

 

Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, belə ittihamlar səsləndirilərkən yaxşı olar, valideynlər konkret hansı bağçadan söhbət getdiyini də dəqiq qeyd etsinlər. 

 

Deputat bildirib ki, şikayətlər ümumi yazılanda hansı bağçada qeyri-şəffaflıq olduğunu dəqiq müəyyənləşdirmək çətindir: “Bu gün bağçalarda islahatlar həyata keçirilir. Elm və Təhsil Nazirliyi bir sıra addımlar atır, mühüm tədbirlər görür. Lakin iş ləng gedir, prosesi daha da sürətləndirməliyik. Təəssüf ki, bağçaların bəzilərində hələ də belə neqativ hallar var. Bu kimi halların ən qısa vaxtda aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır. Əfsuslar olsun ki, belə hallara bəzən valideynlər özləri də rəvac verirlər. Məktəblərə, bağçalara müəyyən “vəsait” təqdim edirlər, müəllimləri bu cür “vəsaitlərə” öyrəşdirirlər. Bağçalar əvvəlki dövrlərdə bu kimi neqativ hallarla fəaliyyət göstərib. İşlərini bu istiqamətdə qurublar. Məsələni nəzərdə saxlamalı, prosesin sürətlənməsinə çalışmalıyıq”. 

pravda.az

Xəbərlər