Cəmiyyət 3 Dekabr 2021, 17:11 | Baxış sayı: 241
"Bəzi deputatlar aylıq maaşlarının hamısını və yaxud da yarısını vətəndaşların müraciətləri istiqamətində xərcləyirlər".

"Mili Məclisdə yalnız rəhbər şəxslər və komitə sədrləri xidməti avtomobillə təmin edilib. Onlardan başqa heç bir sıravi deputata dövlət xidməti avtomobil verməyib. Ümumiyyətlə, Azərbaycanda millət vəkillərinin maaşının çox yüksək olduğunu hesab etmirəm. Digər ölkələrlə müqayisə etsək, Azərbaycanda deputatların aylıq əmək haqqının məbləğinin ilk yerlərdə olmadığını görərik. Həmçinin nəzərə almaq lazımdır ki, deputatların aylıq gəlirində təkcə vəzifə maaşı deyil, bir sıra fəaliyyətlər üçün nəzərdə tutulmuş əlavə ödənişlər də var. Bəzən deputatların maaşının 6 min manat olduğu bildirilir. Bu, tamamilə əsassızdır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Parlament üzvü bildirib ki, deputatlar davamlı olaraq görüşlər keçirir, bölgələrə gedir və vətəndaşlarla görüşürlər: "Nəzərə almaq lazımdır ki, bütün bunlar xərc tələb edir. Onu da qeyd edim ki, mənim deputatı olduğum Cəbrayıl rayonunun əhalisi ümumilikdə 54 rayonda məskunlaşıb. Belə olan halda, vətəndaşlarla görüşlər üçün gah Gəncəyə, gah Şəmkirə, gah da Cocuq Mərcanlıya və s. bölgələrə gedirəm. Bölgələrə getmək, orada gecələmək və yemək xərcləri nəzərə alınmalıdır. Gün boyu vətəndaşlar deputatlara zəng edərək onlardan müxtəlif istiqamətli dəstək almaq istəyirlər. Bəzisi müalicə xərclərinin, bəzisi isə təhsil xərclərinin qarşılanmasını xahiş edir. Hətta bəzi deputatlar aylıq maaşlarının hamısını və yaxud da yarısını vətəndaşların müraciətləri istiqamətində xərcləyirlər. Biz, doğrudan da, bir vətəndaş kimi digər dəstəyə ehtiyacı olanlara da əlimizdən gələn köməkliyi göstəririk. Ayda bircə dəfə rayona gediş-gəliş 300-500 manat xərc tələb edir. Deputatlar başqa planetlərdən gəlməyiblər, bu cür yanaşmaq olmaz. Həmçinin Vətən müharibəsi dönəmində, xalqımızın çətin günlərində, fikrimcə, ən çox fədakarlıq edənlərdən bir qismi də elə deputatlar idi. Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində bir qrup insan deputatlara, dövlət qulluqçularına qarşı nifrətin formalaşmasında maraqlıdırlar. Biz hamımız azərbaycanlıyıq, bu ölkənin vətəndaşlarıyıq. Deputatların cəmiyyətə bu cür təqdim edilməsinin əleyhinəyəm".

Xəbərlər