"Bəxtiyar Hacıyevə guya hansısa təzyiq olunduğuna görə vətəndaşlıqdan imtina etməsi qaranlıq bəhanədir”.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı ictimai fəal Bəxtiyar Hacıyevin saxlanılması, daha sonra isə sərbəst buraxılmması ilə bağlı yayılan xəbərlərlə bağlı danışıb. Deputat bildirib ki, bəzi gənclər Azərbaycanı sevməyən xarici qüvvələrin təsiri altına düşüblər.“Sayları az olan bu şəxslər o qədər təsir altındadırlar ki, ölkəmizdə möhtərəm Prezidentimizin rəhbərliyi ilə əldə edilən misilsiz uğurları görə bilmirlər. Tariximizin bu şərəfli mərhələsində Bəxtiyar Hacıyev kimi gənclərin “guya hansısa təzyiq” olduğuna görə, Azərbaycan vətəndaşlığından imtina etməsinin səbəbi, hesab edirəm ki, ancaq qaranlıq bəhanələrdir”.
Deputat bildirib ki, bu gün hələ də dünyanın bir çox ölkələrinin gəncləri Azərbaycan gənclərinin qəhrəmanlığından danışır: “Ölkəmizdə yüzlərlə müxalif düşüncəli gənclər var. Bu, təbiidir. Biz demokratik və hüquqi cəmiyyətdə yaşayırıq. Amma müxalifət olmaq öz dövlətinin vətəndaşlığından imtina etmək demək deyil. Hansı ölkənin vətəndaşı olmaq da hər kəsin öz şəxsi işidir. Heç kəsə, eləcə də Bəxtiyar Hacıyevə qadağa qoyulmur. Amma buna görə kimisə, nəyisə təqsirləndirmək, hesab edirəm ki, doğru deyil”.
Mənbə: Pravda.az