Cəmiyyət 20 Oktyabr 2022, 12:50 | Baxış sayı: 196
"Bütün hallarda rəsmi sənədlər hazırlanarkən ciddi yoxlanılmalıdır"

Oktyabrın 18-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları”nın ictimai müzakirəsi keçirilib. Sənədin slayd əsasında təqdimatı zamanı xeyli sayda orfoqrafik və üslub səhvlərinin olması iştirakçıların gözündən yayınmayıb. Son zamanlar müəllimlərin riyazi və orfoqrafik biliklərini kəskin tənqid edən elm və təhsil naziri Emin Əmrullayevin indi isə öz kadrlarının savadı ciddi tənqidə tuş gəlib.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Pravda.az-a müsahibəsində bildirib ki, sözügedən sənəd ictimaiyyətə açıqlanmamışdan öncə ciddi şəkildə yoxlanılmalı idi.

 

“Sənəd daha çox ilkin layihə kimi nəzərdə tutulmuşdu. İctimaiyyətə, mətbuata təqdim edildi. Bu gün, həqiqətən də, müəllim-şagird münasibətlərinin tənzimlənməsinə çox ciddi ehtiyac, zərurət var. Bu baxımdan, belə bir sənədin hazırlanması təqdirəlayiqdir. Əgər sənəddə səhvlər varsa, aşkarlanıbsa, həmin sənəd ictimaiyyətə açıqlanmamışdan öncə ciddi şəkildə yoxlanılmalı, sənədə baxılmalı idi. Bir müddət bundan öncə elm və təhsil naziri özü müəllimlərin yazı qabiliyyəti ilə bağlı müəyyən tənqidi fikirlər səsləndirmişdi. Ona görə də belə sənədlər hazırlananda mütləq ciddi yoxlanılmalıdır”.

 

Deputat bildirib ki, bu problem son zamanlar tez-tez müşahidə olunur: “Son dövrlər bəzi qurumların rəsmi sənədlərində dilin səlisliyi ilə bağlı müəyyən problemləri müşahidə edirik. Bəzən səhvlər də, dəqiqləşdirilmədən əksini tapan anlayışlar da olur. Ona görə də, hesab edirəm, bütün hallarda rəsmi sənədlər hazırlanarkən mütləq ciddi araşdırılmalı, yoxlanılmalıdır. Dövlət qurumlarında ayrıca bu işlərlə məşğul olan redaktorların olmasına ehtiyac var. Bu məsələ diqqətdə saxlanılmalıdır ki, belə sənədlər təqdim olunarkən məsələnin mahiyyəti bir tərəfdə, üslub və digər məsələlərlə bağlı müzakirə digər tərəfdə qalmasın. Təşəbbüs önəmlidir. Belə bir təşəbbüs var, amma təşəbbüsün həyata keçirilməsi zamanı bu cür səhvlərin aşkarlanması, əlbəttə, cəmiyyət tərəfindən geniş müzakirələrə səbəb olur. Ona görə də diqqətli olmalıyıq. Cəmiyyətə təqdim edilməmişdən əvvəl sənəd ciddi təhlil olunmalıdır ki, belə problemləri müşahidə etməyək, geniş müzakirələrə də səbəb olmasın”.

Xəbərlər