"Bütün beynəlxalq tədbirlərin İrəvanda keçirilməsinə veto qoyulmalıdır"
"İrəvan şəhərində 2023-cü il ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı vəhşilik törədilib, Azərbaycan bayrağı yandırıldı. Düşünürəm ki, bu, bir daha erməni xalqının və Ermənistan rəhbərliyinin əsl mahiyyətini üzə çıxardı. Dünyanın gözü qarşısında bu cür kin, nifaq nümayişi hər kəsi narahat etməlidir. Bu, təkcə Azərbaycan hökumətinin deyil, yarışda iştirak edən bütün dövlətlərin mənfi münasibət bildirməsi gərəkən vəziyyətdir. Son günlər baş verənlərdən bir daha bütün dünya görür ki, Ermənistan Azərbaycana düşmənçilik nümayiş etdirir və Ermənistan hakimiyyəti beynəlxalq səviyyədə təşkil olunmuş bu tədbirə ev sahibliyi etməyə layiq deyil. Bütün beynəlxalq tədbirlərin İrəvanda keçirilməsinə veto qoyulmalıdır. Bu, hər hansı ötəri yanaşılacaq məsələ deyil, indi Avropa da, digər sülh tərəfdarları da sakit dayanmayıb, dünyada insan haqlarına, dövlət dəyərlərinə hörmət etməyən bu cəmiyyəti qəbul etməməlidir. Demək ki, Azərbaycan haqqında bəyannamələr qəbul etməklə iş bitmir, indi Avropa Parlamentindən tutmuş bütün təşkilatlardan mövqe gözləyirik. Biz göstərəndə gözlərini yuman, səsimizi eşitdirmək istəyəndə qulaqlarını tutan beynəlxalq ictimaiyyət ermənilərin öz əməllərini gördülərmi?"
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, ermənilər nəinki Qafqaz üçün, bütün dünya üçün də təhlükədir:
"Bu gün güvəndiyi qüvvələrin gücünə arxalanıb, Azərbaycan bayrağını yandıran toplum sabah güclənəndə, demək, daha başqa ölkələrin bayrağına hörmətsizlik edəcək. Ermənistanın beynəlxalq aləmdə söz deməyə heç bir haqqı olmamalıdır. Azərbaycan dövləti təbii ki, buna öz layiqli cavabını verəcək. Bu hadisə 3-4 sivil şəxs tərəfindən deyil, birbaşa Ermənistan dövləti tərəfindən həyata keçirilib. Terrorçu hakimiyyətdən də ancaq bu mədəniyyət nümayiş oluna bilərdi".