Cəmiyyət, Siyasət 20 Avqust 2021, 11:26 | Baxış sayı: 273
"Burada sadəcə vacib olan məqam odur ki, hər kəs qarşıdurmadan qaçmalıdır".

Millət vəkili Ceyhun Məmmədov AzNews.az-ın suallarını cavablandırıb:

- “Taliban"ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi digər islam ölkələrində radikal hərəkatları gücləndirə bilərmi?

- Birmənalı olaraq Əfqanıstanda baş verən hadisələr öz təsirini bütün bölgədə gücləndirəcək. Müəyyən mənada da radikal təriqətlərin fəaliyyətində təsiri olacaq. Əsasən də qonşu ölkələrdə, Orta Asiya ölkələrində bu prosesin müşahidə olunacağı gözləniləndir. Yəqin ki, çoxu xatırlayır, Suriyada bu kimi proseslər başlayanda bütün müsəlman dünyasına öz təsirini göstərmişdi. Hətta Azərbaycana da bu təsirlər görmək olurdu. Gənclərin bir hissəsi Suriyaya getmişdilər. Orada bu qruplaşmanın fəaliyyətində aktiv şəkildə iştirak edirdilər. Bunun üçün istisna olunmur ki, yenidən bu kimi tendensiyalar müşahidə olunsun.

- Azərbaycanda ekstremist qrupların baş qaldırması gözləniləndir?

- Hazırda ölkədə ekstremist qrupların baş qaldırması ehtimalı azdır. Sonrakı proseslərin necə olacağı ümumi vəziyyətə əsasən qiymətləndirilə bilər. Amma hazırda ekstremist qüvvələr o qədər də aktiv deyil. Dini radikalizmin artması gələcəkdə Orta Asiyada, Əfqanıstanda baş verəcək proseslərdən ciddi şəkildə asılıdır.

- Gələcəkdə bu halların baş verməməsi üçün dini radikalizmə qarşı necə mübarizə aparmalıyıq?

Bu baxımdan ən effektiv metodlardan biri maarifləndirmə işinin aparılması, dini radikalizmin zərərləri barədə davamlı olaraq məlumatlar verilməsidir. Buna paralel olaraq da inzibati tədbirlər görülməlidir. Əgər az da olsa belə çağırışlar varsa, bunun qarşısı qəti şəkildə alınmalıdır.

- Son zamanlar məhərrəmlik ayında toyların keçirilməsi, Aşura mərasimləri ciddi müzakirələrə səbəb olur. Bu mövzu ilə bağlı cəmiyyətdə fikir ayrılığı var. Sizin bu haqda fikirləriniz nədir?

- Mən də müzakirə olunan bu prosesləri izləyirəm. Bəziləri zaman-zaman müxtəlif fərqli fikirləri irəli sürürlər. Hesab edirəm ki, hər kəs digərinin inancına hörmətlə yanaşmağı bacarmalıdır. Məhərrəmlik və Aşura məsələsinə gəldikdə isə bilməliyik ki, burda məhzəb amili var. Şiəlikdə məhərrəmlik mərasimləri , ayinləri xüsusi yerə malikdir. Bu proses illərdir müzakirə olunur. Geniş şəkildə bununla bağlı müzakirələr aparılır. Qeyd etdiyim kimi, bu birbaşa inanc məsələsidir. Yəni bir sıra müsəlman ölkələrində sünnilər üstünlük təşkil edir. Orada toy mərasimi qeyd olunur. Şiələrin çox olduğu müsəlman ölkələrində isə toy mərasimləri keçirmirlər. Burada sadəcə vacib olan məqam odur ki, hər kəs qarşıdurmadan qaçmalıdır. Hər kəs öz mövqeyində qala, bunu müdafiə edə bilər. Ancaq bir-birinin fikrinə hörmət etməyi də bacarmalıdır. Bu proseslər fonunda Əfqanıstanda baş verən hadisələrdən bütün müsəlman ölkələri ciddi nəticə çıxarmalıdırlar. Əgər biz ölkəmizdə radikalizm meyllərinin artmasını istəmiriksə, gənclərə sağlam dini biliklər verməliyik. Ən kiçik radikalizmə meyl cəhdinin qarşısı ciddi şəkildə alınmalıdır. Hər bir dövlət məmuru, hər bir vətəndaş çalışmalıdır ki, ölkəmiz ,dövlətimiz daha da güclənsin, öz təhlükəsizliyini qorusun. Mən yenədə o məsələnin üzərində dayanıram ki, Əfqanıstanda baş verənlərdən hər kəs lazımi və zəruri dərs çıxarmalıdır.

Xəbərlər