Siyasət 10 Aprel 2023, 14:36 | Baxış sayı: 111
"Bundan sonrası sizə çox ağır olacaq"

“Səhhətimdə xeyli irəliləyiş var, inşallah bir neçə günə xəstəxanadan çıxıb müalicəmi evdə aparacağam. Hələ ki, namaza və oruca fiziki imkanlarım yol vermir. İnşallah ümid edirəm ki, bunu da uyğun şərtlərdə bərpa edəcəyəm. Bu gün bazar ertəsi köməkçilərimə tapşırıq verdim ki, hər həftə oluğu kimi Bakıxanov qəsəbəsindəki ofisimdə seçiciləri qəbul etsinlər və tədbir görmək üçün müraciətlərini mənə çatdırsınlar. Artıq gələn həftədən başlaraq evdən seçicilərin online qəbulunu da keçirməyi nəzərdə tuturam”.

 

Pravda.az xəbər verir ki, bunu martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

Deputat bildirib ki, şəraitə uyğunlaşmaq lazımdır: “Solaxay olmağım bu məqamda işimə yaradı. Fürsət tapdıqca yeni kitabım üzərində xeyli işlədim. Təəssüf ki, yayda Berlində keçiriləcək Ümumdünya Xüsusi Olimpiya oyunlarında iştirakımı təxirə salmalı oldum. Azərbaycan Xüsusi Olimpiya komitəsinin prezidenti olaraq komandamızın uğur qazanacağına inanıram, ruhən onlarla birlikdə olacağam. Milli düşmənlərimizə gəldikdə isə, bilsinlər ki, mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında! Bu Vətən, bu Dövlət, bu Millət əmanətimizdir. Canımızda azacıq ölüm qorxusu vardı, şükür ki, onu da yoxa çıxardınız. Bundan sonrası sizlərə çox ağır olacaq! Bu mübarizədə fədakarcasına borcunu yerinə yetirən qardaş-bacılarımızın həmişəkindən daha güclü əzmlə yanındayam!”

 

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51-də paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa sağ çiyin qurşağını və sağ budun aşağı üçdəbirini dəlib-keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

 

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində dörd nəfər müəyyən olunaraq saxlanılıb.

Xəbərlər