Cəmiyyət 24 Avqust 2023, 17:28 | Baxış sayı: 72
"Bulvarda skuter sürənlər inzibati məsuliyyətə də cəlb oluna bilərlər"

Bulvar ərazisində skuter xaosu əvvəlki qaydada davam edir. Skuterlərin hərəkətinin məhdudlaşdırılmasına baxmayaraq, heç kim zolağın ortasına yerləşdirilən iri qadağanedici lövhələrə məhəl qoymur, sürətlə ətrafından ötüb keçir. Bu hal Bulvarda istirahət edən vətəndaşları, xüsusən azyaşlıları narahat edir, onlara təhlükə yaradır. Skuterlərin təkərləri Bulvar ərazisinə döşənən metlaxları da artıq sıradan çıxarıb. Həm insanların istirahətinə maneə yaratmaları, həm də dövlətin malına ziyan vurmaları səbəbindən qaydalara əməl etməyən skuter sürənlərə cərimə tətbiq olunması, məsələnin Milli Məclisdə qaldırılması təklif edilir.

Təklifə münasibətini bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev  açıqlamasına deyib ki, vətəndaşların istirahət etdikləri ərazilərdə, Dənizkənarı Bulvarda, parklarda skuterlərin hərəkətinin məhdudlaşdırılması qanunauyğundur.

“Bulvarda skuterlərdən istifadənin məhdudlaşdırılmasını da vacib hesab edirəm. Dənizkənarı Bulvar İdarəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər bilavasitə insanların rahatlığı üçündür və təqdir olunmalıdır. Çünki Bulvarda skuterlərin hərəkəti nəinki uşaqlar, eləcə də qocalar və digər vətəndaşlar üçün təhlükəlidir. Həm də narahatlıq yaradan haldır. İndi yaydır, yay aylarında insanlar Bakının ən gözəl guşələrindən olan Dənizkənarı Bulvarda istirahət etməyi vacib bilirlər. Sözsüz ki, qadağalara əməl olunmalıdır. Dənizkənarı Bulvar İdarəsi tərəfindən qoyulan qaydaları pozanlar arasında lazımi ölçü götürülməsi vacibdir. Yeri gəlsə, inzibati məsuliyyətə də cəlb oluna bilərlər. Çünki Azərbaycan qanunları hər bir vətəndaş üçün eynidir və heç kimin bu qanunları pozmağa haqqı yoxdur”.

pravda.az

Xəbərlər