"Buça şəhərində doğrudan da qətliam törədilib-törədilmədiyi məlum deyil".
“Bütün müharibə və qətliamların əleyhinəyəm. Fikrimcə, heç bir humanist insan qan tökülməsini istəməz. Ümumilikdə, əlbəttə ki, Ukraynada törədilən hadisələr insanlığa xəyanət kimi dəyərləndirilməlidir. Amma Buça şəhərində baş verən hadisələrə isə hələ ki dəqiq qiymət verilməyib, yəni, doğrudan da, orada qətliam törədilib-törədilmədiyi məlum deyil”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat qeyd edib ki, Ukraynada insanların ölümü hər kəsi kədərləndirir: “Ukraynanın Buça şəhəri ilə bağlı yaydığı məlumatlar beynəlxalq təşkilatlar tərəfindən araşdırılır. Əgər baş verən hadisələr öz hüquqi-siyasi qiymətini taparsa, deməli, Rusiya qətliam törədib. Ola bilər ki, həmin şəhərdə heç qətliam törədilməyib. Ona görə də araşdırılmadan hadisəni qətliam adlandırmaq bir az çətindir. Həmçinin, Azərbaycanın Rusiya və Ukrayna ilə yaxın münasibəti nəzərə alınmalıdır. Azərbaycanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyi neytraldır. Belə olan halda, araşdırma nəticələri aydın olmayana qədər qəti hökm vermək, qətliam adlandırmaq doğru deyil. Sözsüz ki, qətliam olduğu təsdiqlənərsə, biz bunun əleyhinə fikir bildirəcəyik”.