“Bu terror aktı məni geri çəkindirməyəcək”
Milli Məclisin sədri Sahibə Qafarova martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış deputat Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Fazil Mustafanın vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanan spikerə məlumat verilib ki, onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün lazımi tədbirlər görülür.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq tapşırıqlarını verib və məsələ müvafiq dövlət qurumlarının diqqət mərkəzindədir. Spiker, həmçinin Prezident İlham Əliyevin Milli Məclisin deputatına qarşı törədilmiş bu xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verdiyini xatırladıb. Bir daha diqqətə çatdırıb ki, bu terroru törədənlər öz məqsədlərinə nail ola bilməyəcəklər.
Fazil Mustafa göstərilən diqqət və dəstəyə görə, ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O, bundan sonra da dövlətçilik mövqeyinə sadiq qalacağını, bu terror aktının onu geri çəkindirməyəcəyini söyləyib.