Siyasət 4 Avqust 2023, 15:52 | Baxış sayı: 182
"Bu qədər faktlarla kəskin çıxışdan sonra beynəlxalq qurumlar hələ də israrlı şəkildə dırnaqarası blokadadan danışmamalıdırlar"

“Hazırda Ermənistanla Azərbaycan arasında müharibə bitsə də, hələ də cənab Prezident İlham Əliyev beynəlxalq aləmə münasibətlərin gələcək vəziyyəti ilə bağlı açıqlama verir. Bu gün Azərbaycan bir çox nüfuzlu tiribunalarda və dünyanın aparıcı mətbuatlarında öz sözünü deyir. Cənab Prezident bu illər ərzində “Euronews” və digər  aparıcı  xarici mətbuatlara dəfələrlə Qarabağla, oradakı ermənilərin taleyi ilə bağlı açıqlamalar verib, beynəlxalq aləmin ikili standartlarını ifşa edib. Dünya birlikləri də öz ədalətli və demokratik olmayan siyasətinə bələddir.  Bütün hallarda Azərbaycan öz haqqı uğrunda mübarizə apardı və qalib gəldi. İndi bizi qarşıda daha çətin yol gözləyir. Əsrlərdir, türkə düşmən kəsilmiş, onun qanını tökməyə hər an hazır olan terrorçuların daima düşmən yetişdirdiyi bir cəmiyyətlə barışıq yolundayıq. Tarix boyu bu baş verib. Dünyada elə münaqişə ocaqları olub ki, bu cəmiyyətlər problemi tam həll etməsələr də, düşmənçilik mövqeyindən əl çəkiblər. Amma Azərbaycan elə bir strategiya tətbiq edir ki, həm münaqişə ədalətli şəkildə həll olundu, həm də əsrlərin kinini, nifrətini məhv etmək yolunda fəaliyyət gedir”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat bildirib ki, dünyada bir çox müharibələr, problemlər var: “Cənab Prezidentin də müsahibəsində qeyd etdiyi kimi, dünya Cənubi Qafqazda olan iki münaqişəyə ədalətli yanaşa bilmir. Həqiqətən bunun özü məhz elə beynəlxalq təşkilatların riyakarlığından xəbər verir. Gürcüstan dəstəklənir, lakin Azərbaycanın tapdalanan haqqı heç bir demokratik təşkilatları narahat etmir və hətta dövlətimizə qarşı mövqe nümayiş etdirilir. Regiondakı bu problemin əsl mahiyyəti hər kəsə məlumdur, hətta ən qatı ermənipərəst dövlətlər də bilir ki, Azərbaycan torpaqları deyəndə haradan haraya qədər məsafə nəzərdə tutulur. Məhz Fransa hər zaman Ermənistanı müdafiə edən çıxışlar etsə də, Azərbaycanın ərazisinə dair ilk xəritə elə fransız mətbuatında çap olunmuşdu. Bu da faktdır ki, hətta Azərbaycan qədim tarixi və geniş əraziləri olan bir dövlət olub. Biz indi Azərbaycan SSR-nin malik olduğu sərhədlər daxilində süverenliyimizi bərpa etmişik.  Müsahibə zamanı cənab Prezident Laçın yolundakı vəziyyətlə bağlı da danışıb. Məncə, Laçın yolundakı vəziyyət barədə dəfələrlə kifayət qədər sübut, dəlillərlə lazımi beynəlxalq qurumlara məlumat göndərilib. Lakin hələ də israrla Laçındakı dövlətimizin süveren hüququndan irəli gələrək sərhəd-buraxılış məntəqəsi qurmasını başqa  cür qələmə verməyə çalışırlar. Cənab Prezident Beynəlxalq Qırmızı Xaç Komitəsinin Laçın yolundakı dırnaqarası humanitar yardımları ilıə bağlı da lazımi açıqlamanı verdi. Düşünürəm ki, bu qədər faktlarla kəskin çıxışdan sonra beynəlxalq qurumlar hələ də israrlı şəkildə dırnaqarası blokadadan danışmamalıdırlar”.

pravda.az

Xəbərlər