Siyasət 7 Aprel 2023, 20:11 | Baxış sayı: 215
"Bu mübarizədə İranın əldə etdiyi yeganə qazanc Azərbaycan xalqının nifrətidir"

“İran siyasətçiləri başa düşməlidir ki, bizim üçün böyük qardaş anlayışı yoxdur, bərabər hüquqlu qardaş, dost və strateji dövlət anlayışı var. Bu gün Azərbaycan müstəqil siyasət aparır və heç kim nəyi, nə vaxt və necə edəcəyimizi diqtə edə bilməz”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib.

Deputat bildirib ki, bu gün Azərbaycan xalqı İranın Azərbaycanla düşmənçilik etdiyini görür: “İran bu məqsədinə çatmaq üçün dindən, imandan, təriqətdən, Kərbala, Əhli Beyt sevgisindən sui-istifadə edir. İran xüsusi xidmət orqanları inanclı insanlarımızın saf sevgisindən öz mənfəətləri üçün istifadə edərək Azərbaycanın konstitusion əsaslarına qarşı mübarizə aparır.

Daxilimizdəki düşmənlər, antimilli qüvvələr o cümlədən Tofiq Yaqubov kimiləri İrana casusluqda ittiham edilənləri müdafiə edir. Bu gün Azərbaycanda milyonlarla insan namaz da qılır, oruc da tutur, məscidə də gedir, onları niyə həbs etsinlər ki? Bu məntiqsizdir axı! Həbs edilənlər İran xüsusi xidmət orqanları tərəfindən ələ alınan şəxslərdir, bu şəxslər də xüsusilə Məşhədə, Quma, Kərbəlaya ziyarət zamanı müxtəlif vasitələrlə, o cümlədən şantajla ələ alınır. Ona görə mən də Fazil Mustafanın fikrinə qatılıram, dini ziyarətlər dövlətin tam nəzarətində olmalıdır”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan multikultural, tolerant ölkədir: “Biz öz qonşumuzun nəinki hansı məzhəbə, heç hansı dinə ibadət etdiyini də soruşmuruq. Azərbaycana məzhəb ayrı-seçkiliyini, xurafatı, mövhumatı İran gətirib. Bu gün Azərbaycanda dilindən, dinindən, irqindən, cinsindən asılı olmayaraq hər kəsin bərabər hüquqları var. 2-ci Qarabağ müharibəsi zamanı da Azərbaycan xalqı göstərdi ki, milli kimlik və müstəqillik hissi bütün dəyərlərdən öndədir.

Elan etmək istəyirəm ki, kim Azərbaycançılıq ideologiyasına qarşı mübarizə aparacaqsa, qarşılarında təkcə hüquq-mühafizə orqanlarını yox, bütöv Azərbaycan xalqını görəcək. Kim İran təbliğatı aparacaq, Azərbaycanının konstitusion quruluşunun əleyhinə fəaliyyət göstərəcəksə, qarşısında bütöv Azərbaycan xalqını görəcək.

Bu gün İran tərəfindən Azərbaycana qarşı edilən hücumların əsas məqsədi Azərbaycanı qorxutmaqdır. Onlar indiki Azərbaycanı 90-cı illərin əvvəlindəki xəyanətkar AXC-Müsavat cütlüyü ilə qarışıq salmasınlar. Bu gün Azərbaycanın müzəffər Ali Baş Komandanı və müdrik xalqı var.

Nəticədə İran bu cür hibrid hücumlarla ən böyük zərəri özünə vurdu. 3 il qabaq İranla bağlı olan ictimai rəylə indiki rəy tamamilə fərqlidir. Bu mübarizədə İranın əldə etdiyi yeganə qazanc isə Azərbaycan xalqının nifrəti olub”.

Xəbərlər