"Bu məsələ haqqında ciddi düşünmək və addımlar atmaq lazımdır”
“Etiraf etmək lazımdır ki, son dövrlərdə ünvanlı olaraq uşaq və yeniyetmələr üçün az filmlər çəkilir, ümumiyyətlə, demək olar ki, kontent formalaşdırılmır”.
Bunu Milli Məclisin iclasında çıxış edən deputat Elşad Mirbəşir söyləyib. Deputat qeyd edib ki, bu məsələ haqqında ciddi düşünmək və addımlar atmaq lazımdır: “Belə filmlər həm də gənclərdə milli-tarixi yaddaşı formalaşdırmalıdır. Məsələn, 7 il öncə tarixin bu günüAzərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuz 4 günlük aprel döyüşlərində 44 günlük Vətən müharibəsindəki qələbənin anonsunu verdi. Bununla və sonrakı Vətən müharibəsindəki şanlı qələbəmiz və çoxsaylı digər uğurlarımız haqqında uşaq və yeniyetmə auditoriyası üçün ayrıca filimlərin çəkilməsi çox vacibdir. Ayrıca olaraq, tematik rəqəmsal kontentin formalaşdırılması üçün də kompleks tədbirlərin həyata keçirilməsi lazımdır”.
E.Mirbəşirli məsələnin vacibliyini isbatlayan fikirlərini bölüşüb: “Hər bir dövlətin cəmiyyətin sabitliyi, inkişafı sözsüz ki, bugünkü gənc nəslin necə yetişdirilməsindən, tərbiyələndirilməsindən milli-mənəvi dəyərlərə sahib olmasından birbaşa asılıdır. Xüsusilə də, uşaqlarda və yeniyetmələrdə patriotizm hisslərinin aşılanması onlarda artıq ilkin vətəndaş mövqeyi elementlərini formalaşdırır. Belə olan halda kənar dəyərlər onların mənəvi-əxlaqi baxışlarına təsir etmir. Bu, həm də dövlətin, millətin təhlükəsizliyi məsələsi kimi qəbul edilməlidir. Bir qayda olaraq, gənc nəslin gələcəyə hazırlanması, yetişdirilməsi prosesində milli-mənəvi dəyərlər elementlərinin zəif aşılanması gələcəkdə onların daha tez kənar təsirlər altına düşməsini şərtləndirə bilir. Yad mədəniyyət dəyərləri uşaqlara və yeniyetmələrə əsasən həm də audiovizual materiyallar vasitəsilə ötürülməkdədir. Məhz audiovizual materialların uşaq və yeniyetmə psixologiyasına təsirləri danılmazdır”.