Ümumi 14 İyun 2023, 17:39 | Baxış sayı: 204
“Bu, həm də vətəndaşların daha keyfiyyətli tikinti obyektlərinə sahib olmalarına şərait yaradacaq”

“Məlumdur ki, tikinti sektoru ölkənin sosial və iqtisadi vəziyyətinə, ətraf mühitinə təsir edən əsas sahələrdəndir. Ölkəmizin tikinti sektorunda son illər ərzində müşahidə olunan canlanma və tikinti-quruculuq işlərinin dinamik inkişafı əhalinin rifahının yüksəlməsindən xəbər verir. Lakin tikinti sektorunun dinamik inkişafı ilə bərabər, bəzi hallarda tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalardan yayınmalar müşahidə olunur. Nəticədə həmin tikinti obyektlərinin dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlılığı ilə bağlı şübhə yaranır, həmçinin əmlak üzərində hüquqların mövcud qanunvericilik çərçivəsində tanınması da mümkünsüz hala çevrilir.  Təbii ki, bu da rəsmi qurumlarla sahibkar arasında narazılığa səbəb olur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat bildirib ki, bütün hallarda dövlət vətəndaşa faydalılığı nəzərə aldığından sahibkarlar mütləq şəkildə qanunvericiliyin tələblərinə əməl etməlidir:.

 

“Son illər tikinti və istismara icazə alınması prosesinin optimallaşdırılması, habelə tikinti və şəhərsalma sahəsində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib. Bunlardan 2019-cu ildə  Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 529 nömrəli Fərman, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər  haqqında”  14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanları ölkədəki tikinti sektorunun vəziyyətini daha da yaxşılaşdırmağa xidmət edəcəkdir. Bundan sonra həm sahibkara müsbət mənada şərait yaradacaq, həm də alıcıların yəni vətəndaşların daha keyfiyyətli tikinti obyektlərinə sahib olmalarına şərait yaradacaq”.

Xəbərlər