İqtisadiyyat 31 Avqust 2022, 12:43 | Baxış sayı: 203
"Bu gün Ümumdünya Ticarət Təşkilatına üzv olmaq milli maraqlarımıza ziddir".

“Ümumdünya Ticarət Təşkilatında 164 ölkə qeydiyyatdan keçib. Bu təşkilata üzv olmaq üçün 60-dan yuxarı sazişə imza atmaq lazımdır. Bununla bağlı kifayət qədər şərtlər var və dövlət bu şərtləri boynuna götürməlidir. ÜTT-nin ən böyük şərti isə ondan ibarətdir ki, təşkilata üzv olmaq istəyən hər hansı dövlət proteksionizm siyasətindən, yəni daxili bazarı qorumaq siyasətindən əl çəkməlidir. Təbii ki, hər bir ölkə bazarını müdafiə etməli, qorumalı və daxili istehsalı inkişaf etdirməlidir. Dövlətin bu addımları isə ÜTT-nin əsas prinsiplərinə ziddir. Buna görə də, təşkilatın üzvü olmaq üçün on ölçüb, bir biçmək lazımdır.”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

 

Deputat qeyd edib ki, digər ölkələrdən fərqli olaraq ABŞ, eləcə də Avropanın və Asiyanın aparıcı ölkələri ÜTT-yə üzv olduqlarına görə kifayət qədər qazanc əldə ediblər: “Bu ölkələrin istehsal etdiyi əmtəə və xidmətlər rahatlıqla başqa ölkələrin ərazisinə daxil ola və fəaliyyət göstərə bilirlər. Bu təşkilata daxil olan bütün ölkələri udmuş saymaq olmaz. Məsələn, Qırğızıstan ÜTT-nin üzv olduqdan on il sonra yerli istehsalın təxminən 90-95%-i iflasa uğradı. Bu ölkədə istehsal olunan mallar rəqabətə dözə bilmədi. Bundan başqa, ölkədə kənd təsərrüfatında təxminən 35 dəfə, iribuynuzlu və kiçik buynuzlu təsərrüfatda isə 30 dəfə azalma oldu. Son illəri götürəndə Qırğızıstanın ümumdaxili məhsulunun 98%-i xaricdən gətirilən mallar üzərində qurulub. ÜTT-yə üzv olaraq uduzan digər bir ölkə Ukraynadır. Belə ki, Ukrayna təşkilata üzvlüyünün ilk üç ilində nəyisə əldə etməkdən daha çox itirdi. Burada da ən böyük probem kənd təsərrüfatında, o cümlədən, üzümçülükdə yarandı. İlk altı ayda Ukraynada üzümçülük təxminən 42%-ə qədər gerilədi. Yalnız ətçilikdə müəyyən inkişaf oldu. Digər bir ölkə olan Latviyaya nəzər salanda isə belə fikirlər səsləndirilir ki, bu ölkənin ÜTT-yə üzvülüyün ilk 6-7 ili olan vəziyyətlə 90-cı illərdə olduğu vəziyyəti müqayisə etdikdə, istehsalatda kifayət qədər azalmanın olduğunu görmək olur. Belə ki, burada istehsal 40%-dən 14%-ə qədər düşüb. Yəni belə faktlar da var və bunların hamısnı qeyd etmək lazımdır. ÜTT-yə üzvlük Moldovada özünü müəyyən qədər müsbət göstərə bildi. Belə ki, Moldova kənd təsərrüfatında kifayət qədər uduş əldə edib. Amma digər sahələrə, eləcə də istehsala gəlincə, problemlər yaranmağa başladı. Əlbəttə ki, biz burada inkişaf etmiş ölkələri istisna edirik. Onların iqtisadiyyatı kifayət qədər inkişaf etdiyinə görə rəqabətə dözümlüdür.”

 

R.Quliyev bildirib ki, ÜTT-nin üzvü olan ölkələrdə subsidiya, subvensiya, eləcə də kənd təsərrüfatına edilən hər hansı digər maaliyə yardımları qadağan edilir və buna görə də, üzvlüklə bağlı qərar qəbul edərkən bunu da nəzərə almaq lazmdır: “Azərbaycanın ÜTT-yə üzvlük məsələsini ölçüb-biçməli olduğumuzu düşünürəm. Bu gün kənd təsərrüfatına subsidiyalar, subvensiyalar, eləcə də başqa formalarda olan güzəştlər şəklində köməklik edirik. Çünki biz Azərbaycanın daxilində istehsal olunan qida və kənd təsərrüfatı məhsullarının artmasını istəyirik. Biz bunun üzərində işləyirik. İndi biz o təşkilata daxil olsaq, məcburiyyət qarşısında beynəlxalq qanunlarla razılaşmalı olacağıq. Bizdə isə istehsalın müəyyən sahələri, məsələn, pambıqdan istehsal olunan saplar, saplardan istehsal olunan mallar rəqabətə dözməyəcək. Biz hələ indi-indi bunları inkişaf etdirməyə başlayırıq. Bu, Azərbaycanda istehsal olunan bir çox mallara aiddir. Başa düşürük ki, bu formada olan rəqabətə dözə bilməyəcəyik. Elə Çinin qiymətlərinə, eləcə də başqa ölkələrdə istehsal olunan məhsullar baxanda rəqabətə dözümlülüyə hələ hazır olmadığımızı görmək olar. Hazırda beynəlxalq nomenklaturada 2 milyondan çox mal və xidmət var. Biz bu təşkilata üzvlüyümüzü qida, kənd təsərrüfatı və gündəlik tələbat mallarının ən azı 75-80%-ə qədəri Azərbaycanın özündə istehsal olunub xaricə ixrac olunanda sınaya bilərik. Bu, mənim iqtisadçı alim kimi fikrimdir. Siyasi qərar var ki, biz bu təşkilata üzv olmalıyıq. Amma biz buna mərhələli şəkildə getməliyik. Burada tələsməyə dəyməz. İnflyasiya dünyada ən azı 10-12%-ə qədər qalxdı. Bu, birmənalı olaraq bizə də təsir etdi. Əgər biz indi bu təşkilatın üzvü olsaq, daxili bazarda yerli istehsalçılarımız çox böyük çətinliklərlə üz-üzə qala bilərlər. Son dörd ildə kiçik və orta sahibkarlığın inkişafı proqramlarını qəbul etmişik və hazırda da onları inkişaf etdiririk. Gələn 3 ildə onların ümumdaxili məhsulda olan mal və xidmətlərinin xüsusi çəkisini 26-27%-dən 50%-ə qədər qaldırmalıyıq. Bu, dünyada qəbul olunmuş mexanizmdir. Ona görə də, bu gün həmin təşkilatdan tələsmədən bizə maraqlı olan müəyyən mexanizmləri götürüb, tətbiq edib, baxmalyıq ki, onlar özünü Azərbaycanın iqtisadi siyasətində necə göstərəcək. Bundan sonra artıq üzvlük barəsində düşünmək olar. Ümumiyyətlə, ÜTT-yə üzvlüklə bağlı müəyyən mərhələlər var. Yəni sən birdən-birə onun üzvü olmursan. Əvvəlcə namizəd, daha sonra isə üzv olursan. Acı həqiqət olsa da biz bunu deməli, özümüzü və iqtisadiyyatımızı qorumalıyıq. Biz dünya iqtisadiyyatına kifayət qədər inteqrasiya olunmuşuq. Lakin maliyyə sistemində bir o qədər də inteqrasiya olunmadığımıza görə, hazırda öz valyutamızı, banklarımızı qoruya bilirik. 2008-ci ildə başlayan maliyyə böhranından sonra əksər ölkələr 2018-ci ilə qədər özlərinə gələ bilmədilər. Biz isə o ərəfədə iqtisdaiyyatımızı saxlaya və inkişaf etdirə bildik. İndi ölkədə mövcud olan ümumdaxili məhsulun və iqtisadiyyatın inkişaf tempi bizi qane edir. Amma biz istəyirik ki, bunu 4,5-5,5% yox, 7-8%-ə qədər qaldıraq".

Xəbərlər