Cəmiyyət 30 Mart 2023, 17:10 | Baxış sayı: 146
“Bu gün susdunuzsa, sabah qonşunuz, qohumunuz, övladınız həmin dərmanları alıb, zəhərlənə bilər”

“Türkiyədə farmokologiya siyasəti müəyyən qədər başqa cürdür. Həqiqətən də Azərbaycanla müqayisədə dərman qiymətlərində fərq var. Amma bu gün apteklərdə yaranan dərman qıtlığı və bahalaşmanın qabağını hökmən almaq lazımdır. Bu, birmənalıdır. Səhiyyə Nazirliyinin nəzdində kommersiya qurum olmalıdır. Milli Məclisdə çıxışım zamanı da qeyd etdim ki, həll yollarından biri budur. Yaxud xüsusi kommersiya qurum olmalıdır ki, onlar hansısa dərmanın ölkəmizdə qəfil qıtlığı yarananda, yaxud bahalaşanda nəzarət etsinlər. Belə düşünürəm, bu məsələyə ya Səhiyyə Nazirliyi, ya TƏBİB, ya da İcbari Tibbi Sığorta baxır. Fərq etməz. Qıtlıq yaranan zaman həmin dərman Türkiyədən sifariş edilə, tez zamanda ölkəyə çatırıla bilər ki, qıtlıq olmasın, qiymətlər bu qədər bahalaşmasın. Nəzarət etmək lazımdır. Bununla tam razıyam”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

 

Deputat vurğulayıb ki, apteklərimizdə satılan vaxtı keçmiş, keyfiyyətsiz dərmanlar var: “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu istiqamətdə atdığı addımları dəstəkləyirəm. Tək mən yox, düşünürəm, bir çox deputat, hətta hamısı dəstəkləyir. İnsanlar da bu məsələyə biganə qalmasınlar. Apteklərdə vaxtı keçmiş, qanunsuz formada satılan Səhiyyə Nazirliyinin göstərişlərini, təlimatlarını, qanunlarını pozan dərmanlar, yaxud başqa preparatlar satıldığını görəndə dərhal AQTA, Səhiyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinin qaynar xətlərinə məlumat versinlər. Bununla ictimaiyyət özü də mübarizə aparmalıdır. Gözləməli deyilik ki, dövlət məmurları nə vaxt yoxlama aparacaq, belə qanunsuzluqları üzə çıxaracaq. İstər istehsalçı, istər şəbəkələr üçün cəza daha da şiddətli olmalı, qanunsuzluqların qarşısı alınmalıdır. Ağlabatan, qeyri-məntiqli, səhiyyə nöqteyi-nəzərindən çox qorxulu məsələdir. İnsanlara müraciət edirəm. Belə hallar görəndə biganə qalmasınlar. Bu gün siz görüb susdunuzsa, sabah qonşunuz, qohumunuz, övladınız həmin dərmanları alıb, zəhərlənə bilər. Buna ciddi baxmalıyıq. Bu, həm də qida, kənd təsərrüfatı məhsullarına da aiddir”.

Xəbərlər