Plenar iclaslar, Qanun Layihələri 24 Noyabr 2021, 12:36 | Baxış sayı: 389
"Bu günə kimi Milli Məclisdə heç bir bələdiyyə hesabat verməyib".

"Referendumla Konstitusiyaya maddə salındı ki, bələdiyyələr Milli Məclisə hesabat verilməlidir. Amma bu günə kimi Milli Məclisdə heç bir bələdiyyə hesabat verməyib".

Modern.az bildirir ki, bu fikirləri Fazil Mustafa bugünkü plenar iclasda səsləndirib: 

"Referendumla Konstutusiyaya heç bir mənası olmayan maddə salındı ki, bələdiyyələr Milli Məclisə hesabat verilməlidir. Amma bu günə kimi Milli Məclisdə heç bir bələdiyyə hesabat verməyib. “Bu gün vətəndaş bələdiyyə sənədini göstərəndə onu etibarsız hesab edirlər. Sənədi etibarsız olan bir qurum nəyə lazımdır ki? Vətəndaşa bələdiyyə funksiyası adı altında heç bir xidmət göstərilmir. Bakıda istilik, lift, yol və s məsələlər problemdir. Gələcəkdə mərkəzləşməyə qarşı Milli Məclis qərar qəbul etməlidir. Bu, vətəndaşın xeyrinə deyil”.

Milli Məclisin Birinci vitse spikeri Əli Hüseynli deputata cavab olaraq bildirib ki, konstitusiya belə münasibəti qəbul etmir:

“Bu gün bələdiyyələrə nəzarəti həyata keçirən qurum mövcuddur. Bu qurum da hər il burada hesabat verir. Bu hakimiyyət orqanları ilə səmərəli əməkdaşlığın bir formasıdır”.

Digər deputatlar da bələdiyyələrin fəaliyyəti barədə öz fikirlərini bölüşüblər:

Razi Nurullayevin fikrincə, bələdiyyələr ümumiyyətlə lazım deyil:

“Birinci oxunuşda “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişikliyə əsasən, yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi mərkəzləşdirilir. Mədən vergisi toplayan xeyli bələdiyyə ilə danışdım və görürəm ki, bu dəyişiklik mütərəqqi yox, mürtəce dəyişiklikdir. Bələdiyyələri formal qurum kimi saxlamaq nəyə lazımdır? Birdəfəlik ləğv edək getsin”. 

Deputat deyib ki, Azərbaycanda get-gedə bizdə hakimiyyət mərkəzləşir, yerli hakimiyyətlər daha da çox mərkəzə tabe edilir, vergilərin qalan hissəsi də mərkəzləşir:

‘Bu tip idarəetmə sistemi ziyanlıdır və belə çıxmır ki, biz elə bil sosialist əmək və idarəetmə sistemini yenidən bərpa edirik? Bələdiyyə dotasiya ilə yaşayar? Dünyanın hansı ölkəsində onlar dotasiya ilə yaşayır? Onlarla bələdiyyə var idi ki, özlərini saxlaya bilirdilər, indi onları da əlimizə baxmağa vadar edək. Düzgün yanaşma deyil. Əksinə, bələdiyyə institutunun gücləndirilməsi üçün çalışmalıydıq, əksini edirik. Bələdiyyələrin effektiv işləməsi üçün onların üzərindən “torpaq satan” damğasını götürməli və üzərlərinə yerli inkişafa nail olmaq üçün ciddi məsuliyyət qoymalıyıq. Bunun üçün də onların yerli səviyyədə maliyyə imkanlarını genişləndirməliyik, daha kiçicik işıq gələn yeri da tutmalı deyilik. Əgər deyildiyi kimi, onlar vergini yığa bilmirdilərsə, yaxşı olsun, mərkəzi hökumət gedib vergini yığsın, amma yığım həmin bələdiyyənin büdcəsinə verilsin”.

Hikmət Babaoğlu bələdiyyələrlə bağlı yeni qanun layihəsi hazırlamağı təklif edib:

“Bələdiyyələrin yerlərdə fəaliyyətini daha effektiv qurması yolları bu layihədə öz əksini tapsa, yaxşı olar”.

Xəbərlər