“Bu gün artıq Azərbaycan jurnalistikası MEDİA ilə ciddi işlər qurur”
"2021-ci il yanvarın 12-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə Medianın İnkişaf Agentliyi yaradıldı. Qurumun qarşısına qoyulan əsas məqsəd də məhz jurnalistlərin fəaliyyətinin tənzimlənməsi, agentliklər, saytlar, audiovizual və digər media qurumlarının işinin daha da yaxşı qurulması üçün onlara hərtərəfli yardımın edilməsi idi".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Arzu Nağıyev deyib. Deputat qeyd edib ki, agentlik dünya standartına cavab verən müvafiq qurumlarla əlaqə saxlayaraq jurnalistlərə təlimlərin təşkil olunmasını həyata keçirdi:
"Məlumdur ki, MEDİA-nın əsas işi Azərbaycan Jurnalistlər Birliyinin, paralel olaraq Mətbuat Şurasının və bu istiqamətdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə öz işini qurmaq və bu istiqamətdə dünya mətbuatına inteqrasiya etməkdir. Paralel olaraq bizə istinad etmək üçün yaradılan müvafiq jurnalist korpusunun yaranmasına nail olmaqdır. Son vaxtlar keçirilən təlimlər, eyni zamanda atılan addımlar, müvafiq reyestrin yaradılması da çox mühüm addım kimi dəyərləndirilməlidir. Bu, təbii ki, çox çətin və şərəfli işlərdir. Bu gün artıq Azərbaycan jurnalistikası MEDİA ilə ciddi işlər qurur. Bu istiqamətdə müvafiq addımlar atılır. Təbii ki, rəhbərliyin də peşəkarlığından çox şey asılıdır. Bu istiqamətdə də artıq çox müsbət tendensiyalar var.
Eyni zamanda, qeyd etmək istərdim ki, Medianın İnkişafı Agentliyinin həm rəhbərliyinin, həm kollektivinin böyük zəhməti hesabına ortaya çıxarılan və ictimaiyyət tərəfindən müxtəlif müzakirələrlə qarşılanan "Media haqqında"
Qanunun qəbul olunmasında da çox mühüm rolu var. Bu, demək olar ki, iki ildə onların əldə etdiyi ən ciddi nailiyyətlərdən biridir. Yəni, qurum iki ildir fəaliyyət göstərməsinə baxmayaraq, çox ciddi işlər görür. Onları yeni yaşları münasibətilə təbrik edirəm, yeni-yeni uğurlar arzulayıram. Düşünürəm ki, məhz Medianın İnkişafı Agentliyinin zəhməti, əziyyəti hesabına Azərbaycan mediası daha da inkişaf edəcəkdir. Dünya mediasına çıxmasını, bizim mediaya istinadın edilməsini görürük. Ümidvaram ki, bir neçə dildə danışa biləcək peşəkarların hazırlanmasında da agentliyin işini daim görəcəyik. Bunların tənzimlənməsində də təbii ki, bu media qurumunun işi çox mühümdür".