Cəmiyyət, Səhiyyə 26 Sentyabr 2023, 15:49 | Baxış sayı: 154
"Bu aptekləri ağır cəza gözləyəcək, indidən nəzərə alsınlar"

Tarif Şurası hazırkı vaxtadək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qəbul edib. Bildirilib ki, bu, əhaliyə dərmanları aşağı qiymətə almağa imkan verəcək.

Bu qərar qəbul olunanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib, yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.
Lakin, sosial şəbəkələrdə bəzi vətəndaşlar son günlər qiymətlərin, əksinə, bahalaşdığını deyir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, qiymətlərdə kəskin dəyişiklik yoxdur:




“Dərmanların siyahısı və mövcud olan apteklərdə qiymətlərinə mütəmadi nəzər yetiririk. Kifayət qədər çox istifadə olunan dərman vasitələrindən biri kardio aspirindir ki, onun qiymətində bir qədər fərq var. Cədvəl üzrə təsdiq olunmuş topdan satış qiyməti 2 manat 43 qəpik, pərakəndə satış qiyməti 2 manat 92 qəpik, apteklərdə satış qiyməti isə 4 manat 9 qəpik təşkil edir. 

Bütün aptek şəbəkələrinə müraciət edərək deyirəm ki, əgər Tarif Şurasının qərarını pozacaqsınızsa, məsuliyyətə cəlb olunacaqsınız. Bu aptekləri ağır cəza gözləyəcək, indidən nəzərə alsınlar”.   

Qeyd edək ki, Tarif Şurasının 31 iyul 2023-cü il tarixli 6 nömrəli “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” Qərarında dəyişiklik edilməsi barədə Qərarı 15 sentyabr tarixindən qüvvədədir.

demokrat.az
 

Xəbərlər